00:00:00
Yazar
Ayan Sədi
20.04.2026 23:24 42 2 dəq oxuma
Mədəniyyət

Nəsibə Zeynalovanın 110 illiyinə ithaf - “O olmasın, bu olsun” yenidən səhnədə 

Nəsibə Zeynalovanın 110 illiyinə ithaf - “O olmasın, bu olsun” yenidən səhnədə

18 aprel Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası növbəti dəfə tamaşaçılara təqdim olunub. Tamaşa Azərbaycan SSR xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli teatr və kino aktrisası Nəsibə Zeynalovanın 110 illik yubileyinə həsr edilib.

 

Nümayişdən əvvəl teatrşünas, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə sənətkarın zəngin yaradıcılıq yolundan bəhs edən çıxış edib. O, Nəsibə Zeynalovanın sənət ömrünün mühüm məqamlarını və maraqlı xatirələri diqqətə çatdırıb.

 

Daha sonra sənətkarın nəvəsi səhnəyə dəvət olunub. O, çıxışında Nəsibə Zeynalovanın xatirəsinə göstərilən diqqət və ehtirama görə təşəkkürünü bildirib.

 

Ardınca tamaşa nümayiş olunub.

 

Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, baş dirijoru isə əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir.

 

 

Azərbaycan milli operetta janrının banisi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsəri 1911-ci ildə yazılıb və müxtəlif teatr kollektivləri dəfələrlə səhnələşdirib.

 

Operettanın hadisələri XX əsrin əvvəllərində, qadın hüquqlarının məhdudlaşdırıldığı, varlı təbəqənin onları istismar etdiyi bir dövrü əks etdirir. Əsərin əsas qəhrəmanlarından olan tacir Məşədi İbad bu mühitin tipik nümayəndəsidir. Onun gənc Gülnazla evlənmək istəyi və bu yolda yeni düşüncəli Sərvərlə qarşıdurmasını müəllif satirik dillə təqdim edir.

 

Məşədi İbadın bu addımı atmasına səbəb yalnız onun var-dövləti deyil. Bütün sərvətini qumarda itirərək müflisləşmiş Rüstəm bəyin tamahkarlığı da hadisələrin gedişində mühüm rol oynayır. O, qızını daha çox maddi qazanc əldə etmək məqsədilə qoca bir adama verməyə razılaşır.

Əsər boyunca həm Məşədi İbadın, həm də onu əhatə edən, şəxsi mənafeyini hər şeydən üstün tutan “ziyalı” təbəqənin iç üzü ustalıqla açılır. Beləliklə, cəmiyyət öz keçmişinə gülərək ondan uzaqlaşmağa çalışdığını nümayiş etdirir.

 

Azərbaycan teatr tarixində xüsusi yer tutan “O olmasın, bu olsun” operettası bu gün də öz aktuallığını qoruyur və yeni aktyor nəsillərinin formalaşmasında mühüm rol oynamaqda davam edir.

 

#nəsibə #zeynalovanın #azərbaycan #yenidən #illiyinə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər