Namiq Hüseynov: “O, milli təhsilin fədaisi idi”
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli maarifçi və dövlət xadimi Həmid bəy Şahtaxtinskinin anadan olmasının ildönümüdür.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkənin beşinci hökumət kabinetində maarif və dini etiqad naziri vəzifəsində fəaliyyət göstərmiş Həmid bəy Şahtaxtinski Azərbaycan təhsil sisteminin formalaşmasına mühüm töhfələr verən ziyalılardan biri kimi tanınır.
Həmid bəy Şahtaxtinskinin nəticəsi Namiq Hüseynov “İnformator.az”a açıqlamasında bildirib ki, ulu babası təkcə dövlət xadimi deyil, həm də milli təhsilin inkişafı uğrunda çalışan fədakar maarifçi olub:
“Həmid bəy Şahtaxtinski 1899-cu ildə İrəvan Müəllimlər Seminariyasını bitirdikdən sonra ana dilində təhsilin inkişafı uğrunda mübarizəyə başlayıb. Ulu babam üçün ən böyük amal Azərbaycan gənclərinin öz ana dilində ali təhsil alması idi”.
Həmçinin Namiq Hüseynovun sözlərinə görə, Bakı Dövlət Universitetinin təsis edilməsində fəaliyyət göstərməsində də məhz bu milli düşüncə və məsuliyyət hissi dayanıb:
“Sovet hakimiyyəti illərində Şahtaxtinskilər nəsli ciddi təzyiqlərə məruz qalıb. Həmid bəyin həyatı 1920-ci ildən sonra ağır sınaqlarla dolu olub. Professor rütbəsinə və elmi nailiyyətlərinə baxmayaraq repressiya siyasətindən xilas ola bilməyib. 1941-ci ildə həbs edilərək sürgünə göndərilib. Ulu babam 1944-cü ildə Arxangelsk vilayətində çətin şəraitdə vəfat edib. Biz ailə olaraq onun taleyinin ağrısını hər zaman hiss etmişik. Lakin o, sürgündə belə ziyalı simasını və mənəviyyatını qoruyub saxlamışdı”.
N. Hüseynov qeyd edib ki, Şahtaxtinskilər nəslinin kökü Naxçıvanın Şahtaxtı kəndinə bağlıdır və “Ağalıq” kimi tanınan mülklər ailənin tarixinin bir hissəsi hesab olunur:
“Ulu babam Həmid bəydən bizə qalan ən böyük miras onun sənədləri, əlyazmaları və xalqına xidmət fəlsəfəsidir. Bu gün onun adının müstəqil Azərbaycanda uca tutulması və fəaliyyətinin gənclərə nümunə göstərilməsi bizim üçün böyük təsəllidir. Biz onun nəticəsi olaraq bu irsi yaşatmağı özümüzə borc bilirik”, -deyə Namiq Hüseynov əlavə edib.
Ədilə Hüseynzadə