NATO-nun gələcəyi müzakirədə: Stoltenberqdən diqqətçəkən mesaj
Yens Stoltenberq bildirib ki, NATO-nun əbədi mövcudluğuna zəmanət yoxdur və diqqət gələcək ehtimallardan çox, təcili tədbirlərə yönəldilməlidir. O, həmçinin Avropa ölkələrinin müdafiə xərclərini daha erkən artırmalı olduqlarını vurğulayıb.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, Stoltenberqin bu fikri NATO-nun gələcəyinin dəyişən geosiyasi şəraitdən asılı olduğuna işarə edir:
“Yens Stoltenberqin bu fikrini həm təşkilatın gələcəyi ilə bağlı skeptik mesaj, həm də realpolitik yanaşmanın ifadəsi kimi qiymətləndirə bilərik. NATO kimi təhlükəsizlik alyanslarının tarixi göstərir ki, onlar daimi və dəyişməz institutlar deyil, beynəlxalq güc balansından, üzv dövlətlərin siyasi iradəsindən və təhlükəsizlik mühitindən birbaşa asılı olan strukturlardır. Hazırkı geosiyasi proseslər, xüsusilə Rusiya-Ukrayna müharibəsi, ABŞ-nin qlobal prioritetlərindəki dəyişikliklər, Avropanın müdafiə yükünün yenidən bölüşdürülməsi və Çin faktorunun güclənməsi NATO daxilində strateji debatları daha da intensivləşdirib. Bu kontekstdə Stoltenberqin fikirləri üzv ölkələri alyansın gələcəyi baxımından uzunmüddətli uyğunlaşmaya çağıran siyasi mesaj kimi oxunmalıdır”.
Politoloq qeyd edib ki, NATO hazırda yeni təhlükəsizlik çağırışlarına uyğunlaşma mərhələsindədir:
“Məlumdur ki, NATO-nun dayanıqlılığı əsasən iki amildən asılıdır: kollektiv təhlükə qavrayışı və ABŞ-nin alyans daxilində liderlik rolunu davam etdirməsi. Əgər bu iki sütundan biri zəifləyərsə, təşkilatın funksional effektivliyi də avtomatik olaraq sual altına düşür. Buna görə də Avropa ölkələrinin müdafiə xərclərini artırması ilə bağlı çağırışlar təkcə texniki məsələ deyil, həm də siyasi məsuliyyətin bölüşdürülməsi məsələsidir.
Stoltenberqin xüsusilə təcili tədbirlərin vacibliyinə dair mesajı NATO-nun strateji transformasiya mərhələsində olduğunu göstərir. Bu transformasiya yalnız hərbi potensialın artırılması ilə məhdudlaşmır, eyni zamanda yeni təhlükəsizlik çağırışlarına - kiberhücumlar, hibrid müharibə, dezinformasiya və kritik infrastrukturun qorunması kimi sahələrə də uyğunlaşmanı nəzərdə tutur”.
Y. Bağırzadə qeyd edib ki, Stoltenberqin mesajı NATO-nun dəyişən qlobal təhlükəsizlik mühitinə uyğunlaşmasının zəruri olduğunu vurğulayır:
“Digər mühüm məqam isə ondan ibarətdir ki, NATO-nun gələcəyi artıq təkcə Avropa-Atlantik məkanında baş verən hadisələrlə deyil, qlobal güc mərkəzləri arasındakı rəqabətlə də müəyyən olunur. Çin-ABŞ strateji rəqabəti, Yaxın Şərqdə qeyri-sabitlik və digər regional münaqişələr alyansın fəaliyyət gündəliyini daha da genişləndirir və onu klassik hərbi blokdan daha kompleks təhlükəsizlik platformasına çevirir.
Bu baxımdan, NATO-nun əbədi olmaması fikri əslində onun zəifliyi deyil, əksinə, beynəlxalq sistemin dinamik təbiətinə uyğun adaptasiya ehtiyacının etirafı kimi də qiymətləndirilə bilər. Beynəlxalq təşkilatlar tarixən ya dəyişən şəraitə uyğunlaşaraq transformasiya olunur, ya da funksional əhəmiyyətlərini tədricən itirirlər. Stoltenberqin mesajı məhz bu strateji seçim məqamına diqqət çəkir”.
Aydan Əsgərxanlı