00:00:00
Yazar
Admin User
22.10.2025 15:38 114 2 dəq oxuma
Siyasət

NATO-nun Ukraynaya Dəstəyi

NATO-nun Ukraynaya Dəstəyi

Ukrayna-Rusiya müharibəsi davam etdikcə, NATO-nun Kiyevə göstərdiyi yardımın miqyası və effektivliyi ciddi şəkildə müzakirə olunur.

 

Mövzu ilə bağlı siyasi şərhçi Hasan Oktay “İnformator.az”a bildirib ki, Ukrayna-Rusiya böhranı günü-gündən daha da mürəkkəbləşir:

 

“Bir tərəfdən Tramp “müharibəni bitirəcəyəm, sülh sazişi imzalayacağam” deyir, digər tərəfdən isə Ukrayna böhranının Rusiya ilə Avropa arasında yeni bir qarşıdurmaya çevrilməsinin də yolunu açır. NATO-nun birbaşa Ukraynaya yardım etməməsinin əsas səbəbi müharibənin Rusiya-NATO savaşına çevriləcəyi qorxusudur. Buna görə də NATO, xüsusilə də alyansın əsas gücü olan ABŞ, böhranın daha da dərinləşməsini istəmir və Trampın nəzarətində sülh prosesinin başlanmasını gözlədiyi üçün Ukraynaya yardımdan geri durur. Tramp və ABŞ-nin bu məsələdəki əsas məqsədi müharibənin davam etməsi, Rusiyanın bu müharibə vasitəsilə Avropanı təzyiq altında saxlaması, həm Avropanın, həm də Rusiyanın bu böhranda ciddi şəkildə zəifləməsidir. ABŞ daxilində Ukrayna və Rusiya məsələsində ciddi yanaşma fərqləri müşahidə olunur. Tramp və onun komandasının “sülh” ritorikası ilə çıxış etməsi, onları bir tərəf kimi deyil, vasitəçi kimi göstərmək məqsədi daşıyır və beləliklə vəziyyətin nəzarətdən çıxmasının qarşısını almağa çalışırlar. Digər bir qrup isə Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hücum və müharibə qarşısında Qərbin uduzduğu fikrini yaymağa çalışır. Hələ ki, Ukraynanın məğlubiyyətindən söhbət getmədiyi üçün bu qrup “məğlubiyyət havası” yaradaraq ABŞ-ni daha çox müdaxiləyə təşviq etmək istəyir. Teorik olaraq, əgər Rusiya Ukraynada qalib gələrsə və Qərb uduzarsa, bu, Avropanın təhlükəsizliyini ciddi şəkildə təhdid edəcək. Avropa İttifaqı isə Ukraynanı Rusiyaya qarşı dəstəkləmək məsələsində zaman-zaman öz daxilində fikir ayrılığı yaşayır. İkinci Dünya müharibəsindən sonra Avropa İttifaqı ABŞ-nin təhlükəsizlik “çətiri” altında yaşadığı üçün rahat və təhlükəsiz həyat tərzinə üstünlük vermiş, hərbi xərclərini minimum səviyyədə saxlamışdı. İndi isə vəziyyət dəyişib — ABŞ artıq Avropa üzərindəki “qoruma qalxanını” geri çəkib, NATO ilə bağlı qərarını ortaya qoyub və Avropa İttifaqı Ukrayna məsələsində Rusiya ilə birbaşa qarşı-qarşıya gəlmək ərəfəsindədir. Buna görə də Avropa ölkələri öz imkanlarını Ukrayna cəbhəsinə yönəldərək onun Rusiya qarşısında dayana bilməsini təmin etməyə çalışırlar”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər