NATO Ukrayna-Rusiya müharibəsi barədə açıqlama verdi
NATO-nun Baş katibi Mark Rutte bildirib ki, Ukraynada nizamlanma prosesində təşəbbüs Rusiyanın əlindədir və Moskva daha sürətli hərəkət etməlidir. O, Rusiyanın prosesə fəal qoşulmadığını, ukraynalıların isə ABŞ-nin mövqeyinə yaxın olduğunu qeyd edib. Rutte vurğulayıb ki, ABŞ və NATO müttəfiqləri birlikdə atəşkəs üçün çalışırlar və onun fikrincə, sülh prosesinə əsas təkan Donald Trampdan gəlib.
Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli "informator.az" a açıqlamsında bildirib ki, Rutte yeni bir fikir söyləməyib, sadəcə faktı konsentrasiyalı şəkildə ifadə edib:
“Bəli, Tramp prezident olandan sonra müharibənin dayanması üçün müəyyən addımlar atdı. Görüşlər keçirdi, Rusiyanı sanksiyalardan sonra yenidən legitimləşdirməyə başladı, Ukraynanın qarşısına müəyyən tələblər qoydu. Doğrudur, hələlik bu addımlar uğurlu olmayıb. Çünki nə Putin, nə də Zelenski bu təşəbbüslərlə razılaşmadı. Tramp hələ prezidentliyə namizəd olanda deyirdi ki, bu məsələni bir günə həll edər. Amma elə olmadı. Bir günə həll etmək mümkün deyil. Tramp özü də bunun mümkün olmadığını bilirdi. Çünki nə Rusiya, nə də Ukrayna ABŞ-nin dediklərinə tam əməl etmədi. Hətta ərazi itkilərinə məruz qalan və müharibədə uduzan tərəf olan Ukrayna belə ABŞ-nin şərtlərini yerinə yetirmədi. Ruttenin dediyindən belə çıxır ki, artıq hərəkət edən tərəf Rusiya olmalıdır, yəni Rusiya geri addım atmalıdır. Çünki biz Ukraynanı müəyyən məsələlərdə razı sala bilərik, lakin Rusiya da bu prosesdə addım atmalıdır. Atəşkəs elan edilməlidir. Amma Rusiya elə-belə atəşkəs istəmir, məsələni sadəcə dondurmaq istəmir. Rusiya istəyir ki, məsələ köklü şəkildə həll olunsun. Yəni atəşkəs müvəqqəti yox, sülh müqaviləsi formasında olsun və Rusiyanın tələbləri yerinə yetirilsin. Amma bunu Ukrayna etmir, çünki edə bilmir. Baxmayaraq ki, hər gün ərazi itkilərinə məruz qalır. Hazırda Ukrayna ordusu müdafiə mövqeyindədir və vəziyyət çətindir. Danışıqlar “tanqo”sunun sonu hələ görünmür. Və bu tanqo uzun çəkdikcə, iştirakçılar yorulur. Rutteyə görə, bu proses nəticəsiz bitə bilər və nəticəsiz sülh danışıqları müharibənin davam etməsinə gətirib çıxara bilər. Sonda bu, hər iki tərəfin yorulmasına və müharibənin genişmiqyaslı deyil, lakin davamlı şəkildə, mövqelər üzərində gedən bir formaya keçməsinə səbəb ola bilər. Bu isə artıq nə Ukraynanın, nə də Rusiyanın maraqlarına cavab verir".
O həmçinin qeyd edib ki, ABŞ müharibədən çəkilə də bilər:
“Ukrayna müharibəni davam etdirə bilər. ABŞ isə silah yardımı etməyə davam edə bilər, amma bunu etməyə də bilər. Bu, bir qədər də Rusiyanın mövqeyindən asılı olacaq. Hal-hazırda Rusiya maksimalist mövqe nümayiş etdirir və müharibədən əl çəkmək istəmir. Onların fikrincə, Putin rasional siyasətçidir, lakin bu rasionallıq nəticədə onun xeyrinə olmayacaq bir müharibəyə səbəb ola bilər. Amma Trampın istəyinə Putin razı ola bilər, çünki Zelenskini razı salmaq Tramp üçün Putini razı salmaqdan daha asandır. Hərçənd ki, Putin hazırda maksimalist mövqedən çıxış edir, onun mövqeyi də ideal deyil. Rusiya nə qədər irəliləsə də, Ukraynanı tam darmadağın edə bilməyib. Ukrayna müqavimət göstərməyə davam edir və bu müqavimət hər gün Rusiya üçün canlı qüvvə itkisi deməkdir. Müharibənin uzanması həm də Rusiyanın iqtisadiyyatına zərər verir. Sonda, istər-istəməz, müharibənin davam etməsi Rusiyanın da maraqlarına cavab vermir".
Ayşən Səlimova