Naxçıvanda Zəngəzur dəhlizinin perspektivləri müzakirə edilib
12 sentyabrda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mövzu ilə əlaqədar politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin açılması həm Türkiyə ilə həm də digər ölkələrlə Azərbaycan arasında kommunikasiyanın yaranmasına, yeni iqtisadi, ticari əlaqələrin qurulmasına səbəb olacaq:
“Əgər bu yol birbaşa ABŞ-nin, onun liderinin diqqətindədirsə onun böyük əhəmiyyətə malik olduğu ortadadır. Zəngəzur dəhlizi regional əməkdaşlığı gücləndirəcək, yeni ticarət, tranzit imkanları yaradaraq istifadə edən dövlətləri daha da yaxınlaşdıracaq. Dəhlizin açılması Ermənistan və Azərbaycan da daxil olmaqla bir çox ölkələrin əsasən iqtisadi inkişafına zəmin yaradacaq. Region üçün müsbət nəticələr gözlənilir. Əsassız və səbəbsiz təziqlər hədər və təsirsizdir. Etiraz edənlərin özləri də bu dəhlizdən yararlanacaqlar. Əsasən dost və qardaş ölkə olan Türkiyə ilə kommunikasiya xətlərinin münbit şəraitdə açılması, Türkiyə vasitəsi ilə Azərbaycanın başqa ölkələrə çıxışının təmin olunması ümumilikdə böyük əhəmiyyət kəsb edir. Naxçıvana quru yolunun açılması da böyük faydalara səbəb olacaq. Dəhlizin açılması mövzusunda icra olunan işlərin sürətlənməsi, nəticələri və digər məsələlər təbiidir ki, mütəmadi olaraq müzakirə olunur. Türk Dövlətləri ilə yeni əlaqələrin qurulması, Zəngəzur dəhlizi vasitəsilə iqtisadi layihələrin həyata keçirilməsi kimi mövzuların ehtiva etdiyi məsələlər də gündəmdədir. Odur ki, Türkiyə bu məsələdə aktiv iştirak edir, bu böyük yeniliyin baş tutmasında əhəmiyyətli rol oynayır”.
Səadət Əlizadə