Nazir Bolat: ABŞ ilə əməkdaşlığımızı daha yüksək rəqəmlərə çatdıracağıq
Türkiyə Ticarət naziri Ömər Bolat bildirib ki, Türkiyə ABŞ bazarında geniş yer tutur və bu ölkəyə tekstildən avtomobil sənayesinədək bir çox məhsul ixrac edilir. O, “Uzaq ölkələr və hədəf ölkələr” strategiyası çərçivəsində ABŞ ilə ticarət, sərmayə və enerji sahələrində əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılacağını söyləyib.
Nazir Bolat bu fikirləri Türkiyə Odalar və Birjalar Birliyinin (TOBB) təşkil etdiyi “Ticarət Mərkəzləri - Hədəf Bazar ABŞ Zirvəsi”ndə səsləndirib. O, İstanbul Sənaye Palatasının (İSO) açıqladığı İxracat İqlimi İndeksinə əsaslanaraq bildirib ki, sentyabrda 51,7 olan indeks oktyabrda 0,7 bənd artaraq 52,4-ə yüksəlib. Bu göstərici son 17 ayın ən yüksək səviyyəsidir və ixracatda müsbət dinamikanın davam etdiyini göstərir. Bolat vəzifədə olduğu müddətdə 22 ay ərzində ixracatın ardıcıl olaraq aylıq artım nümayiş etdirdiyini və son 30 ayın 17-sində aylıq rekordların qırıldığını deyib. O, mal və xidmət ixracatının yaxşı getdiyini, qlobal miqyasda ticarət müharibələrinin və gömrük tariflərinin artdığı bir dövrdə belə Türkiyənin təxminən 200 ölkəyə məhsul ixrac etdiyini vurğulayıb.
Sentyabr ayına dair sənaye istehsalı indeksinə toxunan Bolat bildirib ki, "Sentyabr ayı etibarilə, əvvəlki ilin sentyabrına nisbətən sənaye istehsalı 2,9 faiz artıb". O, bu artımın əsasən yüksək texnologiyalı məhsulların illik ixrac payında 29 faiz artım yaratdığını bildirib. Bolat əlavə edib ki, Türkiyə artıq orta-yüksək və yüksək texnologiyalı məhsulların istehsalı və ixracında əhəmiyyətli irəliləyişlər əldə edir. Məsələn, 2002-ci ildə yüksək texnologiyalı məhsulların ixracdakı payı 3% idisə, hazırda bu göstərici 6,2%-ə yüksəlib. Elektronika, müdafiə sənayesi, avtomobil sektoru və maşınqayırma sahələrində texnoloji məhsul ixracı artmaqdadır və bu da Türkiyənin sənayedə yüksəlişini əks etdirir.
TRT Haber
Aysun Vəliyeva