Nazir: Gürcüstandakı azərbaycanlılar həm ana, həm də gürcü dilini bilməlidirlər
Təhsil naziri Emin Əmrullayev bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlılar həm ana dillərini, həm də dövlət dili olan gürcü dilini öyrənməlidirlər. O deyib ki, “1+4” proqramı faydalıdır, amma azərbaycanlıların müxtəlif dillərdə ali təhsil almaq imkanları daha da genişlənməlidir.
“Master of Science” Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrət oğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Təhsil naziri Emin Əmrullayevin Gürcüstandakı azərbaycanlıların həm ana dilini, həm də gürcü dilini bilməli olduqları fikri həm ictimai inteqrasiya, həm də milli kimliyin qorunması baxımından mühüm mesajdır:
“Bu yanaşmanın strateji məqamları da var. Birincisi- ana dilinin qorunması milli kimliyin əsas dayağı kimi vacibdir. Gürcüstanda yaşayan azərbaycanlılar üçün ana dili təkcə ünsiyyət vasitəsi deyil, həm də mədəni yaddaşın, adət-ənənələrin, toplum birliyinin qorunmasıdır. Məktəblərdə və ictimai həyatda istifadə edildikcə, gənclər kimliyini itirmir, ailə və ictimai ünsiyyət güclənir. Bu, ana dilində təhsilin davamlılığını təmin edir. Nazir də bu məsələyə diqqət yetirməklə diaspor siyasətində dil və mədəniyyətin qorunmasına dəstək verir. İkincisi- gürcü dilinin öyrənilməsi sosial-iqtisadi inteqrasiya üçün vacibdir. Gürcüstanın dövlət dili gürcü dilidir və bu dili bilməmək azərbaycanlı gənclərin ali təhsilə, dövlət qurumlarında işə qəbuluna, sosial inteqrasiyasına ciddi əngəllər yaradır. Gürcü dilini yaxşı bilmək isə onların ölkənin iqtisadi və ictimai həyatına tam hüquqlu şəkildə qatılmasını təmin edir. Üçüncüsü- “1+4” proqramının rolu və məhdudiyyətləridir. Bu proqram illərdir ki, gürcü dilində zəif olan azərbaycanlı gənclər üçün ali təhsilə çıxış imkanı yaradır. Amma bu kifayət deyil. Hazırlıq ili təkmilləşməli, fənn hazırlığı, sosial dəstək mexanizmləri güclənməlidir. Həmçinin çoxdilli təhsil imkanları artırılmalıdır.Dördüncüsü-çoxdilli təhsil müasir əmək bazarının tələbidir. Gənclər həm ana dili, həm dövlət dili, həm də beynəlxalq dilləri bilməlidirlər ki, mobil, adaptiv və qlobal rəqabətə hazır olsunlar. Beşincisi-dövlət siyasəti baxımından əhəmiyyəti. Nazir həm milli kimliyin qorunmasını (ana dili), həm də inteqrasiyanı (gürcü dili) dəstəkləyir. Bu da təhsil kurikulumunun, müəllim hazırlığının və resursların inkişafını tələb edir”.
Təhsil ekspertinin sözlərinə görə, iki dildə danışa bilən gənclər təhsil, əmək bazarı və sosial həyatda daha geniş imkanlara sahib olurlar:
“Dövlət qurumlarındaiş imkanı artır, çünki gürcü dili əsas şərtdir. Özəl sektorda rəqabət üstünlüyü qazanırlar. Diplomatik və beynəlxalq sahələrdə iki dilli kadrlara ehtiyac var. Sahibkarlıq imkanları artır, çünki həm gürcü, həm azərbaycanlı müştərilərlə işləyə bilirlər. Sosial inteqrasiya və şəxsi inkişaf baxımından üstünlük əldə edirlər. İngilis dilini də daha asan öyrənirlər, çünki artıq iki dil bilirlər. Hazırlıq ilinin təkmilləşdirilməsi, fənn üzrə hazırlıq, regionlarda paralel hazırlıq kursları, təqaüd və sosial dəstəyin artırılması, təhsil seçimlərinin artırılması,universitetlərdə mentorluq sisteminin yaradılması,hürcü dilinin praktik tətbiq imkanlarının genişləndirilməsi. Birgə proqramlar-gənclər Gürcü, Azərbaycan və İngilis dillərində təhsil ala bilər, ikili diplomlar, semestr mübadilələri, birgə magistr/doktorantura proqramları. Məşğulluq imkanları-diplomların qarşılıqlı tanınması sayəsində iki ölkədə iş tapmaq asanlaşır.Mədəni inteqrasiya-stereotiplərin azalması, birgə tədbirlər, festivallar, sərhəd regionlarının inkişafı-yeni universitetlər, laboratoriyalar, elmi mərkəzlər, beynəlxalq layihələrə çıxış- Erasmus, təqaüdlər, Avropa təhsili imkanları”.
Mələk Hüseynova
