Nazir: “Repetitorluğu ləğv etmək və ya qadağan etmək mümkün deyil” - ŞƏRH
"Repetitorluğu ləğv etmək və ya qadağan etmək mümkün deyil. Nəzəri olaraq bunu etmək olar, amma praktiki olaraq onun icrası mümkün olmayan bir qərardır. Repetitorluğun qadağan edilməsinin öyrənmə və insan inkişafı baxımından hansısa müsbət nəticə verəcəyinə inanmıram". Bunu elm və təhsil naziri Emin Əmrullayev "Xəzər TV", Trend və APA informasiya agentliklərinə müsahibəsində deyib.
Mövzu ilə bağlı “İnformator.az”a mövzuya münadibət bildirən təhsil eksperti Afərim Seyidova elm və təhsil nazirinin açıqlamasına istinad edərək repetitorluq anlayışına fərqli yanaşmanın zəruriliyini vurğulayıb:
“Elm və təhsil naziri repetitorluq fəaliyyətinin mahiyyətinə toxunaraq bildirib ki, bu anlayışı yalnız ali məktəbə hazırlıqla məhdudlaşdırmaq düzgün deyil. Şagirdlərin məktəbdənkənar musiqi (skripka, piano və s.), xarici dil və ya digər əlavə bacarıqlara yiyələnmək üçün repetitora müraciət etməsi normal təcrübədir. Bununla yanaşı, dərslərindən geri qalan şagirdlərin də əlavə hazırlıqlara cəlb olunması istisna edilmir.Nazir eyni zamanda vurğulayıb ki, bu sahədəki əsas problem bəzi müəllimlərin məktəbdə tədrisə lazımi diqqət yetirməməsidir”.
Repetitorluğa tələbatın əsas səbəblərinə toxunan Afərim Seyidova, cəmiyyətdəki psixoloji vəziyyəti və problemin kökündə duran amilləri belə izah edib:
“Repititorluğa yüksək tələbatın bir neçə fundamental səbəbi var. Bunlardan birincisi cəmiyyətdəki mövcud psixoloji vəziyyət və kütləvi rəqabət mühitidir. Hazırda ali təhsil almaq sanki bir yarışa çevrilib və bu yarışa həm valideynlər, həm də müəllimlər qoşulub.Valideynlər övladlarının “prestijli" hesab olunan ixtisaslara yiyələnməsini tələb edirlər. Halbuki, həmin sahələrin gələcəyin əmək bazarında nə dərəcədə aktual olacağı, yüksək gəlir gətirib-gətirməyəcəyi sual altındadır. Bu yanaşma cəmiyyətdə formalaşmış stereotiplərdən qaynaqlanır. İlkin olaraq insanların psixologiyasındakı bu düşüncə dəyişməlidir. İnsanların düşüncəsindən hamının mütləq ali təhsil almalı olduğu fikrini silmək lazımdır, çünki hər kəs bu yarışda iştirak etmək məcburiyyətində deyil. Çox vaxt şagirdlər öz arzularını deyil, vaxtilə istədiyi mövqeyə çata bilməyən valideynlərinin reallaşmayan istəklərini yerinə yetirməyə məcbur olurlar”.
Təhsil eksperti repetitorluğa yaranan yüksək tələbatın digər mühüm səbəbini ali məktəblərə qəbul proqramının nisbətən mürəkkəb olması ilə əlaqələndirib:
“Digər tərəfdən, repetitorluğa tələbat həm də ali məktəblərə qəbul proqramının nisbətən çətin olması ilə bağlıdır. Məktəb proqramı və alt standartlar imtahan tələblərinə cavab versə də, orta məktəblərdəki hazırlıq prosesinin keyfiyyəti sual doğurur. Burada söhbət müəllimlərin bilik və bacarığından, dərs zamanı sərf etdikləri enerjidən və şagirdlərə yanaşma tərzindən gedir. Bu problemlərin tənzimlənməsi və düzgün istiqamətləndirilməsi üçün müəllimlər valideynlərlə daim sıx əlaqə saxlamalı və onlara təsir göstərməyi bacarmalıdırlar”.
Bütün bu tələbat fonunda ortaya haqlı bir sual çıxır: Bu gün yüksək bal toplayan məzunların əksəriyyəti repetitor yanına gedirsə, bu, məktəbin deyil, repetitor institutunun uğuru sayılmalıdırmı?
Afərim Seyidova suala cavab olaraq mövcud mənzərəni belə təsvir edib:
“Son illər yüksək bal toplayan məzunların böyük əksəriyyətinin repetitor hazırlığına üstünlük verməsi, mövcud uğurlarda məktəbin payını minimuma endirir və bu uğuru birbaşa repetitor fəaliyyətinin nəticəsi kimi önə çıxarır. Halbuki, orta məktəblərdə hər hansı bir mövzunun tədrisinə və təhlilinə kifayət qədər - 6-7 saat vaxt ayrılır. Bu müddət ərzində alt standartların yerinə yetirilməsi, əsərin dərindən mənimsədilməsi və fərqli metodlarla təhlili tamamilə mümkündür. Lakin siniflərdə oxumaq istəməyən şagirdlərin dərsin gedişatına mane olması, müəllimlərin vaxtının bir qismini təlim-tərbiyə məsələlərinə ayırmaq məcburiyyətində qalması məktəbdəki potensialı zəiflədir. Hətta bir çox hallarda məktəb müəllimlərinin özləri də dərslərin yetərli səviyyədə keçilmədiyini iddia edərək şagirdləri fərdi hazırlığa yönəldirlər.Mövcud problemi aradan qaldırmaq məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq addımlar atılmaqdadır. Hazırda uğurlu repetitorların məktəblərə cəlb olunması, xüsusi təmayüllü və pilot məktəblərdə hazırlıq qruplarının yaradılması istiqamətində işlər aparılır. Bu layihələrə kifayət qədər tanınmış və təcrübəli repetitorlar müraciət edir”.
Zəri Bayramlı