Nəcməddin Sadıkov məhkəməyə çağırılıb, Mahir Rəfiyevin ifadəsi elan edilib
Müdafiə Nazirliyinin sabiq işçisi Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrlik etdiyi prosesdə Zahid Niftəliyevin vəkili Əli Adıgözəlov vəsatətlə çıxış edib.
Vəkil əvvəlcə Zahid Niftəliyevin mobil telefon məlumatlarının əldə olunması barədə mobil operatorlardan birinə sorğu göndərilməsini istəyib. Vəkil qeyd edib ki, Zahid Niftəliyev kredit əldə etmək üçün nə müraciət etdiyini, nə də "Ata bank"da olduğunu deyir: "Biz onun mobil telefonunun anten məlumatlarının, telefon danışıqlarının əldə olunmasını istəyirik. Səbəb isə odur ki, müəyyən edək o, banka gedib ya yox".
Vəsatətə münasibət bildirən hakimlər heyəti qərarı elan edib. Qərara görə, vəsatət təmin edilməyib.