"Neftçi” səfərdə “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib
Misli Premyer Liqasının XXVI turunda “Neftçi” səfərdə “Sumqayıt” üzərində 3:1 hesablı qələbə qazanıb. Qonaq komandanın qollarını Freddi Varqas (36, pen.), İfeanyi Metyu (65) və Vensan Abubakar (89) vurub. “Sumqayıt”ın heyətində isə Nikola Ninkoviç (53) fərqlənib. Hazırda “Neftçi” 40 xalla 5-ci, “Sumqayıt” isə 32 xalla 7-ci pillədə qərarlaşıb. Tur aprelin 7-də yekunlaşacaq.
Mövzu ilə bağlı idman şərhçisi Ağa Dadaşzadə “İnformator.az”a açıqlamasında bildirib ki, “Neftçi” vacib qələbə qazanıb:
“Bu nəticə turnir cədvəlindəki mövqelərə ciddi təsir göstərə bilər. “Neftçi” bu qələbə ilə liqadakı yerini daha da yaxşılaşdıracaq və artıq medalçılar uğrunda mübarizədə tam rəqabətə qoşulduğunu demək olar. Komanda qarşıdakı turlarda da stabil xal toplayarsa, həm medal qazana, həm də avrokuboklara vəsiqə əldə edə bilər. İkinci məqam turnir cədvəlinin yuxarı pillələri uğrunda mübarizə ilə bağlıdır. Burada əsas mübarizə üçüncü yer ətrafında gedir. “Turan Tovuz”, “Neftçi”, “Araz-Naxçıvan” və “Zirə”komandaları arasında ciddi rəqabət var. Məncə, üçüncü yer uğrunda mübarizə birinci yer uğrunda mübarizədən daha gərgindir. Qarşıdakı oyunların hər biri böyük əhəmiyyət daşıyır. Xal itirən komandalar özlərini ciddi şəkildə geridə qoya bilərlər. Növbəti oyunlarda xüsusilə, “Zirə”nin və “Turan Tovuz”un xal itirməsi “Neftçi” üçün əlverişli ola bilər. Hər halda, bu mübarizə digər komandalar üçün də əlavə stimul yaradır”.
Mələk Hüseynova