Netanyahu İsrailin qələbəsini elan edib
İsrail bütün cəbhələrdə qələbə qazanıb, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev bildirib ki, Netanyahunun “qələbə bəyanatı” İsrailin beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməkdən çox, əksinə, ölkəyə qarşı yeni hücumlara rəvac verə bilər:
"Çünki Qəzzada hərbi əməliyyatların davam etdirilməsi, bunun böyük humanitar fəlakət və kütləvi insan qırğınları ilə müşayiət olunması dünyada İsrailə qarşı ictimai rəyin ciddi şəkildə dəyişməsinə səbəb olub. Artıq bir çox nüfuzlu beynəlxalq təşkilatların keçirdiyi rəy sorğuları göstərir ki, hətta ənənəvi olaraq İsrailin əsas dayağı sayılan Amerika Birləşmiş Ştatlarında da ictimai rəy İsrailin əleyhinə dəyişib. Dünya ictimaiyyəti və siyasətçilər İsrailin təhlükəsiz mövcudluq haqqını tanımaqla yanaşı, bu haqqın günahsız insanların kütləvi şəkildə öldürülməsi üçün bəhanəyə çevrilməsini qəbuledilməz sayırlar.Yəni indi belə bir fikir formalaşıb: İsrail öz təhlükəsizliyini qorumaqda haqlıdır, lakin bu təhlükəsizliyin kütləvi insan qırğınları hesabına təmin olunması tamamilə yanlış addımdır və ölkənin nüfuzuna ciddi zərbə vurur.Netanyahunun bu “qələbə bəyanatı” əslində İsrailin beynəlxalq mövqelərini gücləndirməyə yox, daha çox ölkə daxilində onun şəxsi siyasi mövqeyini möhkəmləndirməyə xidmət edir. Amma bu bəyanat nə beynəlxalq miqyasda İsrailin, nə də daxildə Netanyahunun mövqeyini real şəkildə gücləndirə biləcək.Hazırda həm İsraildə, həm də beynəlxalq ictimaiyyətdə Netanyahunun siyasətinə qarşı güclü müxalif qüvvələr formalaşıb. Çünki İsrailin bu müharibədə “qalib” gəldiyi hələlik aydın deyil. Konkret olaraq nədə qələbə çaldığını demək çətindir. Mövcud nəticə yalnız Qəzzanın tamamilə dağıdılması, 70 mindən çox insanın ölümü, 150 mindən artıq insanın köçkün və ya itkin düşməsi ilə məhdudlaşır. Bu nəticəni “qələbə” adlandırmaq çox mübahisəlidir. Təbii ki, hərbi əməliyyatların yenidən bərpa olunması ehtimalı qalır. Müharibə yalnız o zaman yekunlaşmış sayılacaq ki, Yaxın Şərqdə bu münaqişənin kökündə dayanan əsas problemlər tam həllini tapsın. Hələlik belə bir vəziyyət olmadığı üçün İsrail–Fələstin və İsrail–Qəzza qarşıdurmasının başa çatdığını söyləmək çətindir. Əgər döyüş əməliyyatları yenidən başlasa, bu, bölgədə dövlətlərarası münasibətləri daha da gərginləşdirəcək və yeni ölkələrin birbaşa müharibəyə cəlb olunması ehtimalını artıracaq. Belə bir ssenaridə İsrail–Ərəb müharibəsinə daha geniş miqyasda dövlətlərin qoşulması real görünür. Buna görə də Qəzzada gedən proseslər və Misirdə aparılan danışıqlar Yaxın Şərq probleminin tarixində dönüş nöqtəsi ola bilər".
Qəmər Kazımzadə
