Netanyahu Qəzza və Qətərdəki əməliyyatları müdafiə edib
Netanyahu bildirib ki, İsrail ordusu Qəzza şəhərini tam ələ keçirəcək və Hamasın hərbi gücünü məhv edənə qədər əməliyyatları davam etdirəcək. O, həmçinin Qətərdə Hamas hədəfinə zərbəni “qanuni” adlandırıb.
Mövzu ilə bağlı siyasi şərhçi Abutalıb Səmədov "İnformator.az"a bildirib ki, Qəzzanın tam ələ keçirilməsi bölgədə böyük gərginlik yaradacaq:
"ABŞ prezidenti, İsrail və HƏMAS arasında sülh planı təklif etdi. Bu plana əsasən, ilk mərhələdə İsrail hərbi əməliyyatları dayandırmalı, atəşkəs təmin olunmalı və HƏMAS ilə girovların azad olunması üzrə razılaşmalar əldə edilməlidir.
Trampın planına görə isə HƏMAS-ın azad etməli olduğu girovların sayı 48 nəfərdir, onlardan 28-i artıq öldürülüb. İsrail planı qəbul etsə də, HƏMAS hələ cavab verməyib. İsrail isə bundan istifadə edərək əməliyyatları davam etdirir və hazırda Qəzza şəhərinə daxil olmağa çalışır. ABŞ təbii ki, İsrailə tam dəstək verir. ABŞ-nin razılığı olmasa, İsrail bu qədər irəliləyə bilməzdi. Ərəb dövlətləri buna açıq şəkildə qarşı çıxır və artıq öz “NATO”larını – müdafiə bloklarını yaratmaq üçün müzakirələr aparırlar. Bu vəziyyət İslam dünyasında da ciddi narazılıq doğuracaq. HƏMAS ABŞ-nin təklif etdiyi planı qəbul etməsə, ABŞ və İsrail dəstəyi davam etdirəcək və bu da regionda vəziyyəti daha da gərginləşdirəcək. Bu proses həm də İsrail–Fələstin danışıqlarının aparılmasına mane olacaq. Əməliyyatlar davam edəcək, ərəb ölkələri müqavimət yolları axtaracaq, HƏMAS isə öz metodları ilə İsraili cəzalandırmağa çalışacaq və bölgədə gərginlik günü-gündən artacaq".
Bayramlı Zəri