Netanyahunun açıqlaması hansı mesajı verir?
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsi ilə ABŞ arasında İran da daxil olmaqla siyasi məsələlərdə fikir ayrılığının olmadığını bildirib.
O, bu barədə "Fox News" telekanalının efirində deyib.
Mövzu ilə bağlı siyasi şərhçi Polad Mehdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Benyamin Netanyahunun açıqlaması ABŞ ilə İsrail arasında İran məsələsində strateji koordinasiyanın davam etdiyini göstərən siyasi mesaj kimi başa düşülməlidir:
“Bu, Vaşinqtonun Tehranla mümkün dialoq imkanlarını tam istisna etmir, lakin danışıqların İsrailin təhlükəsizlik maraqları nəzərə alınmaqla aparılacağına işarə edir. Regional təhlükəsizlik baxımından isə yaxın perspektivdə hərbi risklərin və qarşılıqlı təzyiq siyasətinin davam edəcəyi ehtimalı yüksəkdir. Bununla yanaşı, tərəflərin birbaşa genişmiqyaslı qarşıdurmadan yayınmağa çalışması da istisna deyil.Bizim üçün əsas prioritet regionda sabitliyin qorunmasıdır. İranla sərhədə malik olan Azərbaycan Yaxın Şərqdə gərginliyin artmasında maraqlı deyil. Çünki eskalasiya nəqliyyat və enerji marşrutlarına, regional ticarətə və ümumi təhlükəsizlik mühitinə mənfi təsir göstərə bilər. Bu baxımdan rəsmi Bakının balanslı xarici siyasəti, bütün tərəflərlə dialoqu qoruması və beynəlxalq hüquqa əsaslanan mövqeyi ölkənin milli maraqlarına ən uyğun yanaşma olaraq qalır”.
Nuray Əliyeva