Niderland Ukraynaya 25 milyon avro ayıracaq
Niderland hökuməti Ukraynaya 25 milyon avro məbləğində maliyyə yardımı ayırıb. Bu vəsait Ukraynada humanitar vəziyyətin yaxşılaşdırılması və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə nəzərdə tutulub. Yardımın Avropa İttifaqının Ukraynaya dəstək siyasəti çərçivəsində həyata keçirildiyi bildirilir.
Məsələ ilə bağlı politoloq Zeynal Əmrəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Niderlandın yardımı, Avropa İttifaqının Ukraniyaya qarşı siyasətinə tam uyğun şəkildə atılmış addımdır:
"Avropa İttifaqı Ukraniyaya dəstəyi öz üzərinə götürüb və bu dəstək həm humanitar, həm də hərbi sahələri əhatə edir. Görünür ki, bu yardım siyasəti yaxın gələcəkdə də davam etdiriləcək. Niderland Avropanın ən zəngin ölkələrindən biridir. Avropa İttifaqı daxilində onun maliyyə mövqeyi kifayət qədər güclüdür. Buna görə də Niderlandın bu həcmdə maliyyə yardımı göstərməsi, yəqin ki, Avropa İttifaqının rəhbərliyi ilə razılaşdırılmış şəkildə həyata keçirilib. Bu yardımlar, ümumilikdə, Ukraynada humanitar vəziyyətin yaxşılaşmasına və eyni zamanda ölkənin müharibədə müəyyən irəliləyiş əldə etməsinə kömək edən mühüm amildir".
Ekspert həmçinin bunu da bildirib ki, hazırda bu 25 milyon avronun konkret olaraq hansı istiqamətlərə xərclənəcəyi barədə məlumat yoxdur:
"Əgər bu vəsait hərbi məqsədlər üçün istifadə ediləcəksə, bu, kifayət qədər böyük məbləğdir və Ukraynanın irəliləməsinə, xüsusilə də qış aylarının yaxınlaşdığı bir vaxtda, əhəmiyyətli təsir göstərə bilər. Çünki Rusiya qış əməliyyat planını artıq həyata keçirməyə hazırlaşır və yeni hücumlar gözlənilir. Bu baxımdan Ukraynanın taktiki silahlara və müdafiə vasitələrinə ciddi ehtiyacı var. Əgər bu yardım humanitar məqsədlər üçün nəzərdə tutulubsa, bu da çox vacibdir. Son zamanlarda Rusiyanın Ukraynaya intensiv hücumları nəticəsində ölkədə humanitar problemlər daha da dərinləşib. Belə olan halda, Ukrayna hökuməti bu vəsaiti həmin problemlərin aradan qaldırılması üçün istifadə edə bilər. Ümumilikdə düşünürəm ki, Avropa İttifaqının rəhbərliyi ilə razılaşdırılmış şəkildə Niderland hökuməti bu addımı atıb və gələcəkdə həm Niderland, həm də digər Avropa ölkələrinin Ukraynaya bu cür dəstək aksiyalarını davam etdirməsi gözlənilir".
Güllər Gülhüseynova
