Nobel Sülh Mükafatı - Machadonun qızı mükafatı qəbul edib
Maria Korina Maçadonun Nobel Sülh Mükafatını qızı Ana Korina Sosa qəbul edib. O bildirib ki, anası azad Venesuelada yaşamaq məqsədindən əl çəkməyib və “heç vaxt təslim olmayıb”.
Nobel İnstitutu Maçadonun təhlükəsiz olduğunu və Osloya yola düşdüyünü açıqlayıb, lakin o, mərasimə vaxtında çata bilməyib. Sosa anasının yazdığı nitqi Oslo Şəhər Meriyasında oxuyub.
Nobel İnstitutu Maçadonu Venesuelada “diktaturadan demokratiyaya ədalətli və dinc keçid uğrunda mübarizəsinə görə” mükafatlandırıb.
Sosa çıxışında iki ildir anasını görə bilməməyin şəxsi təsirindən danışıb. Maçado 2024-cü ilin iyulundakı mübahisəli prezident seçkilərindən sonra gizlənməyə məcbur olub.
Nitqdə Maçadonun sözləri belə səslənib: Venesuelalılar “yenidən qucaqlaşacaq, yenidən güləcək, küçələr musiqi və gülüşlə dolacaq”. O bildirib ki, azadlıq yolunun yenidən “özlərinə dönüş” olduğunu düşünür.
Oslo Şəhər Meriyasında Norveç kral ailəsinin də olduğu dinləyicilər Sosaya uzun alqış verib.
Maçadonun Norveçə gələ bilib-bilməyəcəyi uzun müddət müzakirə olunub. O, audio müraciətdə “yoldayam”, - deyib. Lakin Nobel İnstitutu onun mərasimə gecikdiyini açıqlayıb.
Onun iki övladı və anası Osloda onu gözləyir. Maçado son dəfə 9 yanvarda ictimaiyyət qarşısında görünüb. Saxtalaşdırılmış seçkilər ölkədə etirazlara və təxminən 2 min nəfərin həbsi ilə nəticələnib.
Müxalifəti birləşdirən Maçado həbslə üzləşmək qorxusu ilə gizlənib, lakin sosial şəbəkələrdə çağırışlarını davam etdirib. Nobel mükafatının elan edilməsi tərəfdarlarını yenidən canlandırıb. Onun Avropaya necə gəldiyi barədə məlumat gizli saxlanılıb.
BBC
Reyhan Quliyeva