Norveç Ukraynaya əlavə 500 milyon dollar ayırıb
Norveç hökuməti Ukrayna Silahlı Qüvvələri üçün Amerika istehsalı silahların alınması məqsədilə PURL proqramına əlavə 500 milyon dollar ayıracağını açıqlayıb. Bu barədə məlumatı Norveçin xarici işlər naziri Espen Bart Eide verib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Norveçin Ukraynaya əlavə maliyyə dəstəyi göstərməsi əslində təkcə Ukraynanı düşünməsi ilə bağlı deyil:
"Bu addım daha çox Norveçin öz təhlükəsizlik qayğıları ilə əlaqədardır. Norveç, Rusiya ilə sərhəddə yerləşən bir ölkə kimi, xüsusilə şimal bölgələrində ciddi geosiyasi rəqabətlə üz-üzədir. Bu rəqabət yeni deyil tarixi kökləri var. Hazırda isə bu qarşıdurma Şimal dənizi və Arktika bölgəsindəki hərbi gərginliklə daha da dərinləşir.
Rusiyanın bölgədəki ölkələrlə sərt, bəzən hərbi dilə keçməsi Norveç və digər Skandinaviya ölkələrini NATO ilə inteqrasiyanı sürətləndirməyə vadar etdi. Onlar Rusiyanın mümkün müdaxiləsi riskini real hesab edirlər və Ukraynadakı münaqişəyə bir növ "ön cəbhə" kimi yanaşırlar. Yəni düşünürlər ki, Rusiya nə qədər Ukraynada "ilişib" qalsa, o qədər də onların üzərinə hücum ehtimalı zəifləyər. Bu, strateji baxışdır. Ukraynanın müharibədəki mövqeyinin dəyişməsi və danışıqlar masasına hansı güclə oturacağı məsələsi isə daha çox onun müttəfiqlərindən asılıdır. Əgər Qərb ölkələri Ukraynanı dəstəkləməyə davam etsələr və onu Rusiya qarşısında təslimiyyətə məcbur etməsələr, Ukraynanın müqavimət göstərmək imkanları hələ də güclüdür.
Avropa ölkələrinin Ukraynaya verdiyi dəstək artıq Rusiya ilə aralarında gərginlik yaradıb. Rusiya avqustdan etibarən Avropa məkanında müxtəlif hibrid və kiber aktlarla sabitliyi pozmağa çalışır. Avropa isə buna qarşı hərbi baxımdan hazır deyil. Buna görə də indi Avropa daha çox maliyyə xərcləməyə, öz ordusunu yenidən qurmağa və silahlanmanı gücləndirməyə çalışır. Hazırda vəziyyət belədir və bu proseslərdən çıxan nəticələr həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından ciddi qiymətləndirmə tələb edir".
Aişə Mustafayeva