Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Son günlərdə Nyu-York əmtəə birjasında təbii qazın qiymətində eniş qeydə alınıb. Qiymət azalması qlobal enerji bazarlarında baş verən dəyişikliklərin, hava şəraitinin və tələbatdakı dalğalanmaların nəticəsi kimi qiymətləndirilir.
Mövzu ilə bağlı "İnformator.az"a verdiyi açıqlamasında iqtisadçı Fuad İbrahimov bildirib ki, qaz qiymətləri ilə bağlı hazırda müəyyən ucuzlaşma müşahidə olunur:
"Söhbət futures əməliyyatlarında, yəni iki ay sonra bazara təsir edə biləcək əməliyyatlarda qiymətlərin ucuzlaşmasından gedir. Araşdırmalar göstərir ki, kəskin ucuzlaşma tendensiyası müşahidə olunmur. Bu, sadəcə müəyyən bir dəhliz daxilində olan qiymət dalğalanmasıdır. Həmin dəhlizin də yuxarı və aşağı hədləri var. Görünən odur ki, bu hədlərdən aşağı düşmək ehtimalı yoxdur. Niyə? Çünki qış mövsümü gəlir və qışda qaza olan tələbat artır. Tələbat artdıqda, klassik nəzəriyyəyə əsasən, qiymətlərin artması gözləniləndir. Eyni zamanda, bu gün bazarlarda spekulativ alətlər də mövcuddur. Bu zaman məntiq kənarda qalır və bazar tamamilə əks istiqamətə gedə bilər. Amma hazırda mövcud indikatorlarda belə bir meyl müşahidə olunmur. Yəni hazırda olan ucuzlaşma məhz bu səviyyədədir".
Həmçinin iqtisadçı bildirib ki, qazla bağlı ucuzlaşma zamanı qaz ixracı ilə məşğul olan ölkələrin gəlirləri azalır:
"Azərbaycan da bu qrupa aiddir. Amma qazı idxal edən ölkələr,gündəlik həyat və sənaye istifadəsi üçün qaz alan ölkələr bundan iqtisadi baxımdan fayda götürür. Bununla yanaşı, qeyd etməliyəm ki, artıq bazar bu tip məlumatlara reaksiya vermir. Xüsusilə də Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyanın Avropa bazarından çıxarılması prosesi sabitləşdiyi üçün bu cür xəbərlər qiymətlərə impuls vermir. Yəni artıq daha sabit bir dövrə qədəm qoymuşuq".
Aysun Vəliyeva