“Oktyabr ayına aid inflyasiya hesabatı gələn ay açıqlanmayacaq“
ABŞ-də hökumətin bağlanması ilə əlaqədar olaraq, Oktyabr ayına aid inflyasiya məlumatlarının gələn ay açıqlanmayacağı gözlənilir.
Ağ Evin verdiyi açıqlamada bildirilib ki, sorğuçuların sahəyə çıxmasının mümkünsüzlüyü səbəbindən ilk dəfə tarixdə aylıq inflyasiya hesabatı yayımlanmayacaq.
Xatırladaq ki, 2018–2019-cu illərdə baş verən, ABŞ tarixində ən uzun hökumət bağlanması zamanı Əmək Statistikaları Bürosu fəaliyyətini qismən davam etdirə bilib və əsas hesabatların bir çoxu hazırlanmışdı. Lakin hazırkı bağlanmanın daha geniş miqyasda olması iqtisadi müşahidələrə daha ciddi təsir göstərə bilər.
Bəzi analitiklər mümkün qədər az məlumat əsasında hesabatın "təxmini versiyasının" hazırlanmasının mümkün ola biləcəyini desələr də, digərləri Oktyabr hesabatının tamamilə buraxılacağını ehtimal edirlər.
Əmək Statistikaları Bürosu əvvəlki açıqlamasını təkrarlayaraq bildirib ki, Sentyabr ayına aid İstehlak Qiymətləri İndeksi məlumatlarını toplamaq üçün bəzi əməkdaşlar işə qaytarılsa da, bütün digər məlumat toplama və nəşr fəaliyyətləri hökumət açılana qədər dayandırılıb.
Hazırda 700 minə yaxın federal işçi məzuniyyətə buraxılıb, bir o qədər işçi isə maaş almadan çalışır. Bu vəziyyət bir çox ailəni xərclərini azaltmağa və ya təxirə salmağa məcbur edə bilər.
Sentyabr ayına aid hesabat ötən cümə günü yayımlanıb. Bu məlumat Sosial Müdafiə İdarəsinə 2026-cı il üçün pensiya və digər sosial ödənişlərin indeksləşdirilməsini hesablamaq imkanı verib.
Əmək Statistikaları Bürosunun keçmiş komissarı Erika Groshen bildirib ki, “İndi artıq demək olar ki, qaçılmazdır… Adətən BLS oktyabrın əvvəlindən məlumat toplamağa başlayardı. Hazırkı vəziyyətdə məlumatları toplamaq çox çətin olacaq, çünki əməkdaş çatışmazlığı var və sistemləri məlumat çatışmazlığına uyğunlaşdırmaq üçün yenidən qurmaq lazımdır".
Reuters
Sura Əliyeva