Ömürboyu təhsil: əmək bazarında rəqabət üstünlüyü və yeni imkanlar
Ömürboyu təhsil insanların bilik və bacarıqlarını daim yeniləməsinə şərait yaradır. Bu isə əmək bazarında rəqabət qabiliyyətini artırır və peşəkar inkişafı dəstəkləyir.
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov "İnformator.az"a bildirib ki, müasir dövrdə əmək bazarının sürətlə dəyişməsi ömürboyu təhsil anlayışını daha da vacib edib:
"Ənənəvi yanaşmada insan məktəb və universitet dövründə təhsil alır, sonra isə iş həyatına atılaraq uzun illər həmin biliklərlə çalışırdı. Lakin XXI əsrdə bu model artıq özünü doğrultmur. Yeni texnologiyaların, rəqəmsal iqtisadiyyatın, avtomatlaşdırmanın inkişafı mövcud peşələrin bir qismini sıradan çıxarır, onların yerinə isə yeni ixtisaslar yaradır. Dünya İqtisadi Forumunun 2023-cü il hesabatına görə, yaxın 5 ildə mövcud iş yerlərinin 23 faizi dəyişəcək və əmək bazarında 100 milyondan çox yeni bacarıq tələb olunacaq. Bu reallıq ömürboyu təhsili sadəcə tövsiyə yox, zəruri bir mexanizmə çevirir".
Ekspertin sözlərinə görə, ömürboyu təhsilin müsbət tərəflərindən biri əmək bazarında rəqabət üstünlüyüdür:
"OECD ölkələrində aparılan tədqiqatlar göstərir ki, əlavə ixtisasartırma kurslarına qatılan işçilərin əməkhaqları orta hesabla 15-20 faiz daha yüksəkdir. Yəni təhsil bir kapital forması kimi insanın gəlirinə birbaşa təsir göstərir. Azərbaycanda da son illərdə keçirilən sertifikasiya imtahanları müəllimlərin öz üzərində işləməsini stimullaşdırdı. Nəticədə yüzlərlə pedaqoq əlavə hazırlıq kurslarında iştirak etməyə başladı. Bu isə əmək bazarında rəqabəti gücləndirən və keyfiyyətin artmasına səbəb olan müsbət tendensiyadır".
Ekspert mənfi məqam kimi isə vurğulayıb ki, hələ də bir çox insanlar təhsili yalnız gənclik dövrü ilə məhdudlaşdırır və ömürboyu inkişafın vacibliyini dərk etmir:
"Bu yanaşma əmək bazarında müəyyən boşluqlar yaradır. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə işsizlərin 40 faizindən çoxu əlavə ixtisasartırma kurslarında iştirak etməyənlər olub. Bu fakt göstərir ki, davamlı öyrənmənin zəifliyi birbaşa işsizliklə əlaqəlidir.
Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 15-ci maddəsində açıq şəkildə göstərilir ki, hər bir vətəndaş ömürboyu təhsil almaq hüququna malikdir və dövlət bu proses üçün zəruri şərait yaratmalıdır. Ekspertin sözlərinə görə, Elm və Təhsil Nazirliyinin bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir. Nazirlik müəllimlərin sertifikasiyası, peşə məktəblərinin modernləşdirilməsi, müxtəlif qısamüddətli kursların təşkili ilə ömürboyu təhsili praktik olaraq dəstəkləyir. Bu islahatlar göstərir ki, dövlət yalnız formal təhsil pillələrinə deyil, həm də vətəndaşların bütün ömrü boyu davamlı inkişafına diqqət yetirir.
Dünya təcrübəsi də ömürboyu təhsilin vacibliyini təsdiqləyir. Almaniyada hər bir işçi ildə ən azı bir dəfə ixtisasartırma kursuna qatılmalıdır və bu, həm dövlət, həm də işəgötürən tərəfindən dəstəklənir. Finlandiyada ömürboyu təhsil dövlətin rəsmi təhsil siyasətinin əsas prioritetlərindən biridir və hər bir vətəndaş üçün pulsuz kurs imkanları yaradılıb.
Ekspert əlavə edib ki, Sinqapurda isə hökumət hər bir vətəndaşa “təhsil krediti” təqdim edir. İnsanlar ömürlərinin istənilən vaxtında bu kreditdən istifadə edərək yeni bacarıqlar öyrənə bilirlər:
"Azərbaycan da bu istiqamətdə təcrübə toplamalı və beynəlxalq modelləri tətbiq etməlidir. Bu, gələcək əmək bazarının dayanıqlılığını təmin edəcək.
Əvvəllər təhsil daha çox nəzəri biliklərlə məhdudlaşırdısa, indi Elm və Təhsil Nazirliyi praktiki bacarıqları önə çəkir. Peşə məktəblərində yeni ixtisasların açılması, müəllimlərin mütəmadi olaraq qiymətləndirilməsi, universitetlərdə təkrar təhsil proqramlarının tətbiqi göstərir ki, artıq ömürboyu təhsil sistemin ayrılmaz hissəsinə çevrilib. Bu dəyişikliklər gələcəkdə işsizliyin azalmasına, əmək məhsuldarlığının artmasına və iqtisadi inkişafın sürətlənməsinə səbəb olacaq.
Nəticə olaraq, ömürboyu təhsil əmək bazarında sabitlik, yüksək gəlir və rəqabət üstünlüyü yaradır. İnsanların davamlı öyrənməyə təşviqi üçün maarifləndirmə işlərinin aparılması, əlçatan və ucuz kursların təşkili, işəgötürənlər tərəfindən stimullaşdırıcı tədbirlərin görülməsi vacibdir. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə atdığı addımlar müsbət qiymətləndirilməlidir. Çünki bu siyasət yalnız bu günün ehtiyaclarına deyil, gələcək nəsillərin də inkişafına xidmət edir. Nazirliyin ömürboyu təhsili prioritetə çevirməsi ölkəmizdə insan kapitalının güclənməsi və əmək bazarının dayanıqlılığı üçün mühüm təminatdır".
Türkan Kərimli
