Onlar müharibənin bitməsini istəmir
Çinin Rusiya ilə Ukrayna arasındakı müharibənin bitməsinə kömək etmək istəyi hələ ki görünmür, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Əli Mustafa bildirib ki, Çin müharibənin bitməsini istəməməsi üçün kifayət qədər əsaslara malikdir:
"Rəsmi Pekin bildirir ki, əgər bu gün Rusiya Qərblə savaşı dayandırsa, növbəti hədəf Çin olacaq. Deməli, Çinin hədəf olmaması üçün Rusiyanın Qərblə, yəni NATO ilə savaşması vacibdir. Hazırda Ukraynada baş verən müharibə əslində Rusiya-Ukrayna savaşı deyil, Rusiya ilə Qərb, daha dəqiq desək, Rusiya-NATO savaşıdır. Buna görə də Çin üçün müharibənin uzanması sərfəlidir. O, bu yolla həm zaman qazanır, həm də özünü gələcək müharibəyə hazırlayır. Digər tərəfdən, hazırda həm Ukrayna, həm də Rusiya Çinlə ticarət əlaqələrini davam etdirir. Xüsusilə hərbi sənaye üçün lazım olan avadanlıqlar bu ölkədən alınır. Hətta rəsmi məlumatlara görə, Ukrayna Çindən bir milyon dollar dəyərində PUA hissələri alıb. Rusiyanın isə bu ticarəti daha böyükdür. Deməli, Çin eyni vaxtda həm Rusiyaya, həm də Ukraynaya hərbi avadanlıq satır və bu müharibədən milyardlarla dollar qazanır.Trampa gəldikdə isə, əlbəttə, o istəsə, müharibəni dayandıra bilər. ABŞ-nin gücü buna kifayət edir. Vaşinqton istəsə, tərəflərdən birinə güclü dəstək verərək digərini sülhə məcbur edə bilər. Məsələn, Ukraynaya o qədər dəstək göstərər ki, Rusiya razılaşmağa məcbur qalar.Lakin hazırda ABŞ-nin öz maraqları var. Müharibə fonunda Amerika həm silah satır, hərbi sənaye kompleksini maliyyələşdirir, iqtisadiyyatını gücləndirir, həm də Rusiyanın zəifləməsinə nail olur. Çin güclənsə də, hərbi-siyasi baxımdan ABŞ-nin əsas rəqibi hələ də Rusiyadır. Çin daha çox iqtisadi müstəvidə rəqib sayılır. Ona görə də bu müharibə ABŞ üçün həm Rusiyanın gücünü zəiflətmək, həm də öz mövqelərini gücləndirmək imkanı yaradır. Tramp isə bu məsələdə hələlik qəti mövqe ortaya qoymayıb. Onun müharibəni dayandırmaq üçün kifayət qədər üsulları və təsir imkanları var, amma indiki məqamda bu imkanlardan istifadə etməkdə qərarlı görünmür".
Qəmər Kazımzadə
