Önəmli səfər keçiriləcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 21–23 oktyabr tarixlərində Küveyt, Qətər və Omana rəsmi səfər edəcək. Bildirilib ki, Türkiyə lideri adıçəkilən ölkələrlə ikitərəfli münasibətlərin və mövcud əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə görüşlər keçirəcək. Görüşlərdə regional hadisələrlə yanaşı, beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılması nəzərdə tutulur.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, bu səfər Ankaranın Körfəz regionunda son illər formalaşdırdığı strateji əməkdaşlıq xəttinin davamı kimi qiymətləndirilib:
“Türkiyənin Körfəz ölkələri ilə iqtisadi əlaqələrinin daha çox enerji, müdafiə sənayesi, tikinti və infrastruktur sahələrində dərinləşməsi gözlənilib. Xüsusilə Qətər və Küveytlə birgə enerji layihələri, logistika mərkəzlərinin yaradılması, o cümlədən Omanda sərmayə imkanlarının genişləndirilməsi əsas gündəm mövzularındandır. Ankara regionun maliyyə potensialını cəlb etməklə həm daxili iqtisadi sabitliyini möhkəmləndirmək, həm də Orta Şərqdə təsir dairəsini genişləndirmək istəyib.
Səfərin Qəzza müharibəsi və ümumilikdə Yaxın Şərqdəki gərginliklərlə dolayı əlaqəsi də var. Türkiyə bu görüşlər vasitəsilə humanitar vəziyyətin yüngülləşdirilməsi, regional atəşkəs təşəbbüslərinin dəstəklənməsi və diplomatik balansın qorunması üçün yeni siyasi kanallar aça bilər. Ərdoğan administrasiyası həm İsrail–Fələstin qarşıdurmasında, həm də İran–Ərəb münasibətlərində vasitəçi mövqeyini gücləndirməyə çalışıb.
Regional və beynəlxalq müzakirələrdə Türkiyənin əsas prioritetləri enerji təhlükəsizliyi, ərzaq və logistika marşrutlarının sabitliyi, müdafiə sənayesinin ixracı, həmçinin Qətər və Küveytlə strateji investisiya mexanizmlərinin qurulması olacaq. Bu səfər həm də Ankaranın “bölgə gücü” kimi diplomatik çəkisini artırmaq, Körfəz ölkələri ilə uzunmüddətli qarşılıqlı asılılıq platforması yaratmaq məqsədi daşıyıb.
Yekun olaraq, səfər Türkiyənin iqtisadi diplomatiyasının və regional vasitəçilik rolunun daha da möhkəmlənməsinə xidmət edən çoxşaxəli təşəbbüs kimi dəyərləndirilib".
Aygün Babayeva
