00:00:00
Yazar
Zəri Bayramlı
12.03.2026 21:47 24 2 dəq oxuma
Siyasət

“Orta Dəhliz Avropa ilə Şərqi birləşdirəcək, Şimal və Cənub isə risklidir” - ŞƏRH

“Orta Dəhliz Avropa ilə Şərqi birləşdirəcək, Şimal və Cənub isə risklidir” - ŞƏRH

Bakı-Naxçıvan dəmir yolu layihəsinin tamamlanması Avropa ilə Asiya arasında dayanıqlı nəqliyyat marşrutunun formalaşmasına töhfə verəcək. APA xəbər verir ki, bunu Portuqaliyanın Baş naziri António Costa Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata açıqlamasında bildirib. Costa qeyd edib ki, layihə Middle Corridor çərçivəsində mühüm əhəmiyyət daşıyır və regionda iqtisadi əməkdaşlığı gücləndirə bilər: “Bakı-Naxçıvan dəmir yolu yeni iş yerlərinin yaradılmasına, ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsinə və Cənubi Qafqazda daha bağlı və firavan regionun formalaşmasına töhfə verəcək”.


Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimli “İnformator.az”a açıqlamasında bildirib ki, Şərqlə Qərb arasında ticarət əməkdaşlığını genişləndirmək üçün təhlükəsiz və daimi işlək marşrut lazımdır:

 

“Şimal marşrutu hazırda Rusiya-Ukrayna müharibəsinə görə işləmir. Həm də Qərb gələcək taleyinin Rusiyadan asılılığını istəmir. Ona görə də Şimal marşrutu bu funksiyanı yerinə yetirə bilməz. Cənub marşrutu isə olduqca narahat bölgələrdən keçir. ABŞ-İsrail cütlüyünün İrana hücumu vəziyyəti daha da pisləşdirib. Daşınmaların bu marşrut üzrə həyata keçirilməsi əvvəlcədən də riskli olub, indi isə demək olar ki, mümkün deyil. Orta dəhliz Qərblə Şərq arasında bu funksiyanı yerinə yetirməyə qadirdir. Həm yolun qısalığı, eyni zamanda infrastrukturun əksər hissəsinin mövcudluğu və təhlükəsiz olması ona qarşı marağı artırıb. Bu marşrutun fasiləsiz işləməsi üçün Bakı-Naxçıvan dəmir yolunun işlək vəziyyətə gətirilməsi lazımdır. Bunun üçün ilk növbədə Zəngəzur dəhlizində işlər başa çatdırılmalı və onun hüquqi statusu müəyyənləşdirilməlidir. Burada məsuliyyətin böyük hissəsi Ermənistanın üzərinə düşür. Azərbaycan üzərinə düşən bütün işləri demək olar ki, tamamlamaq üzrədir”.

 

Politoloq əlavə edib ki, Orta Dəhlizin işlək vəziyyətə gətirilməsi onun üzərində yerləşən bütün ölkələrin iqtisadiyyatına müsbət təsir göstərəcək:

 

“Tranzit xərclərindən başqa xidmət strukturlarına olan tələbat yeni iş yerlərinin açılmasına səbəb olacaq. Avropa İttifaqının Orta Dəhlizi dəstəkləməkdən başqa alternativi yoxdur. Şimal və Cənub marşrutları etibarlı deyil və Avropa Birliyini düşmən elan etdiyi dövlətlərlə əməkdaşlığa məcbur edir. Bu isə o deməkdir ki, Avropa həmin ölkələrin iqtisadiyyatına sərmayə qoymuş olur. Lakin faktiki olaraq Avropa İttifaqı həmin ölkələrə iqtisadi sanksiyalar tətbiq edib. Gələcəkdə isə dəhliz üzərində yerləşən həmin ölkələr bu imkanlardan Avropaya qarşı istifadə edə bilərlər. Faktiki olaraq Avropa Birliyi həmin ölkələrdən asılı vəziyyətə düşəcək. Lakin Orta Dəhlizdə belə bir risk yoxdur. Bu dəhliz üzərində olan ölkələr Avropa Birliyinə daxil olan dövlətlərin müttəfiqləri kimi çıxış edəcək. Qarşılıqlı etimad iqtisadi rifahın açarına çevriləcək”.

 

Beləliklə, Bakı-Naxçıvan dəmir yolu layihəsi Cənubi Qafqazın nəqliyyat və iqtisadi xəritəsini dəyişdirəcək, Orta Dəhlizin etibarlı və dayanıqlı marşrut kimi fəaliyyətini gücləndirəcək.

Fatimə Hüseynli

#trend #Bakı #Naxçıvan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər