Oyun platformalarında valideyn kartları risk altında
Onlayn oyunların sürətlə populyarlaşması uşaqların oyun daxilində etdiyi ödənişlərin artmasına da səbəb olur. Bu isə valideynlərin bank kartları üçün həm maliyyə, həm də kibertəhlükəsizlik riskləri yaradır. Xüsusilə kart məlumatlarının oyun platformalarında saxlanılması, saxta tətbiqlər və fişinq keçidləri vasitəsilə məlumatların oğurlanması ciddi təhlükə yarada bilər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında kibertəhlükəsizlik eksperti Elvin Abbasov bildirib ki, uşaqların valideyn kartlarından istifadə edərək oyun daxilində mikroödənişlər etməsi bir sıra risklər yaradır.
Ekspertin sözlərinə görə, əsas təhlükələrdən biri bank kartı məlumatlarının oyun platformalarında avtomatik yadda saxlanılmasıdır. Bundan əlavə, saxta oyun tətbiqləri və müxtəlif fişinq keçidləri vasitəsilə kart məlumatlarının kiberdələduzların əlinə keçməsi mümkündür.
“Pulsuz oyun valyutası”, virtual kristallar və ya skinlər vəd edən saxta keçidlər də uşaqlar üçün ciddi təhlükə yaradır. Belə keçidlərə daxil olan zaman kart rekvizitləri və CVV kodu kiberkriminal şəbəkələrə ötürülə bilər. Eyni zamanda, avtomatik həyata keçirilən təkrarlanan ödənişlər valideynin xəbəri olmadan qısa müddətdə ciddi maliyyə itkisinə səbəb ola bilər.
Elvin Abbasov qeyd edib ki, valideynlər ilk növbədə mobil cihazlarda və oyun platformalarında ödəniş təsdiqlərini biometrik doğrulama və ya PIN kodla məhdudlaşdırmalıdırlar.
Onun sözlərinə görə, Apple App Store, Google Play Store və Steam kimi platformalarda valideyn nəzarəti və ailə funksiyalarından istifadə etməklə ödənişlərin əvvəlcədən təsdiqlənməsi təmin edilə bilər. Uşaqların istifadə etdiyi cihazlarda əsas bank kartlarının yadda saxlanılmaması, bunun əvəzinə məhdud balanslı virtual kartlardan istifadə edilməsi də əlavə təhlükəsizlik yaradır.
Ekspert vurğulayıb ki, banklar və oyun platformaları icazəsiz ödənişlərin qarşısını almaq üçün 3D Secure və antifraud monitorinq sistemlərindən də istifadə edirlər.
“Valideynlər bank tətbiqi üzərindən kartın internet ödənişlərinə gündəlik və ya aylıq limit qoymalı, həmçinin hər bir əməliyyatla bağlı SMS və ya Push bildirişlərini aktivləşdirməlidirlər”, - deyə ekspert bildirib.
Elvin Abbasov əlavə edib ki, kartdan icazəsiz ödəniş həyata keçirildiyi halda ilk növbədə banka müraciət edilərək kart bloklanmalı və əməliyyat araşdırılmalıdır. Eyni zamanda, ödənişin həyata keçirildiyi platformanın dəstək xidmətinə müraciət edilərək vəsaitin geri qaytarılması imkanları araşdırıla bilər.
Sevanə Pənahova