00:00:00
Yazar
Admin User
22.08.2025 14:20 153 3 dəq oxuma
Sosial

Öz özünə motivasiya

Öz özünə motivasiya

Günümüzdə hər kəs uğur qazanmaq, məqsədlərinə çatmaq və gündəlik həyatında aktiv qalmaq üçün motivasiyaya ehtiyac duyur. Lakin bəzən insanın ətrafında onu dəstəkləyəcək, ruhlandıracaq heç kim olmur və bütün yük öz çiyinlərinə düşür. Belə hallarda sual yaranır: insan həqiqətən də öz-özünü motivasiya edə bilərmi?


Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva “İnformator.az”a açıqlamasında bildirib ki, insan üçün özünü tanımaq, daxili aləmini anlamaq və özünü motivasiya edə bilmək vacibdir:


“İnsanın yaşadığı həyat şəraiti boyunca özü-özünə yönəlməsi, özünü motivasiya etməsi, özünün daxili dünyasına baxması və onu anlaması, onu kəşf etməsi çox-çox önəmlidir. Çünki biz hər daim ətrafımızdan motivasiya gözlədikcə, başqa insanların bizi qaldırmalarını, yönləndirməyini gözlədikcə, sözsüz ki, həmin dünyada daha çox itməyə başlayarıq. Yəni başqalarından dəstək gözlədikcə və özümüz özümüzə dəstək olmadıqca bu, daha çox bizi yormağa başlayır. Dostlardan belə dəstək alsaq, özümüz özümüzə ən sonda güc və qüvvə olmalıyıq. Sözsüz ki, ilk növbədə daxili motivasiyaya yönəlməliyik. Daxili dünyamızda nələri sevdiyimizə və nələrə yönəldiyimizə baxmalıyıq. Biz gələcək dünyamızı formalaşdırmalı, daxili xəyallarımıza doğru addım atıb, ona güc-qüvvə olmalıyıq. Daha sonra xarici motivasiyaya yönəlməliyik, yəni daxili dünyamızda nələri sevdiyimizi müəyyənləşdirdikdən sonra nələr edə bilərik deyə düşünməliyik. Ən önəmlisi budur ki, mütləq dərəcədə insan özü ilə ünsiyyətə keçməlidir. İnsan özü ilə danışmalıdır. İnsan özü ilə danışmağa başladıqda, daxili dünyasında nələr baş verirsə, bunu anlamağa başlayır və anlamağa başladıqca ona necə çarə olacağını tapır. Burada ən önəmli məqsəd odur ki, biz hədəflərimizə doğru planlar qurmalı və ona doğru addımlara başlamaq üçün kiçik də olsa, yol almağa çalışmalıyıq. Sözsüz ki, burada gücün, məqsədin, hədəfin, iradənin və emosiyalarımızın böyük bir təsiri var. Yəni biz öz iradəmizi ön plana sürməliyik. Məqsədimiz üçün və mənafeyimiz üçün addımlamaq, bu addımın güclənməsi üçün isə iradə çox önəmlidir. Biz iradəmizi, duyğularımızı, emosiyalarımızı doğru bir şəkildə idarə etdikcə, onlara daha rahat şəkildə yönəlirik”.


Psixoloq qeyd edib ki, insanların motivasiyalarını itirməsinin səbəbləri onların daxili dünyalarında yaşadıqları mübarizələrdir:


“İnsanlar əslində tez-tez motivasiyanı itirirlər. Buna səbəb daxili dünyamızda baş verən mübarizələrdir. “Bunu əvvəl etməyə çalışdım, amma alınmadı” kimi düşüncələr buna aiddir. Yaxud ki, ətrafımızdakı bəzi insanlar bizim xəyalını qurduğumuz, arzuladığımız və hədəfə doğru addımlamaq istədiyimiz bir yolda bizi həvəsdən salırlar. “ Bunu edə bilməzsən”, “Bacarmazsan” “Alınmaz”, “Çox çətindir” deyərək bizi gücdən salırlar. Bəzən bizə dəstək olacaq birilərinin olmaması ola bilir. Bizim hədəflərimizi, motivasiyamızı korlayacaq halların yaranması istər-istəməz bizim motivasiyamızı da endirməyə başlayır, bizi hədəflərimizdən uzaqlaşdırmağa başlayır. Ona görə biz mütləq dərəcədə bunu balansda saxlamalıyıq və hədəflərimizdən, motivasiyamızdan, planlarımızdan üz döndərməməliyik. Sözsüz ki, hədəflərimizi qeyd etməli, nə etmək istədiyimizə əmin olmalıyıq. Kiçik addımlarla başlamalıyıq. Böyük addımlar bizə yorucu gələ bilər. “Mən nəyə görə bunları edirəm?”, “Nəyə görə bu hədəfi seçmişəm?” kimi sualların cavablarını tapmalıyıq. Ümumiyyətlə, insan öz daxili dünyasında baş verən hadisələrə doğru sual-cavab edərək irəliləməlidir. Hədəfimizə kiçik addımlarla yaxınlaşmalıyıq. Məsələn, məqsəd marketə getməkdirsə, ilk növbədə ayağa qalxmağı bacarmalıyıq. Birinci ayağa qalxıb, ayaqqablarımızı geyinib, kiçik addımlarla marketə doğru yol almalıyıq. Bu yol bəzən bizə yorucu gələ bilər. Amma nə qədər yorulsaq da, əsla həyat gücümüzü, sevgimizi, motivasiyamızı əlimizdən buraxmamalıyıq. Çünki o, bizim yaşamağımıza, özümüzü daha da yaxşı hiss etməyimizə, xəstəliklərdən uzaq olmağımıza kömək edir”.

 


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər