00:00:00
Yazar
Admin User
17.10.2025 17:48 110 2 dəq oxuma
Siyasət

Pakistan–Əfqanıstan münasibətlərində gərginliyin artması

Pakistan–Əfqanıstan münasibətlərində gərginliyin artması

 

Pakistan–Əfqanıstan sərhədində yenidən gərginlik yaşanıb. Pakistan ordusu Əfqanıstan ərazisində fəaliyyət göstərən terrorçu qruplaşmalara qarşı cavab əməliyyatı həyata keçirib.

 

Mövzu ilə bağlı politoloq Xəyal Bəşirov "İnformator.az"a bildirib ki, Pakistanla Əfqanıstan arasında mövcud münaqişənin indiki mərhələdə alovlanması təsadüfi deyil:

 

"Nəzərə almaq lazımdır ki, dövlətlər arasında hazırda 183 federal münaqişə mövcuddur. Bu münaqişələrin cəmləşdiyi sıx regionlardan biri də Asiyanın Pakistan, Hindistan və Əfqanıstanı əhatə edən ərazisidir.

Pakistanla Əfqanıstan arasında baş verən bu münaqişələrin alovlanmasının bir sıra səbəbləri var. Əfqanıstanda Taliban rejimi hakimiyyəti ələ keçirib və bu rejim kənar dövlətlərlə sabit və sıx əməkdaşlıq qura bilmir. Digər bir məsələ isə, son zamanlar münaqişələrin həllinə nail olub diqqətini Çinə yönəltməyə çalışan ABŞ-nin də bu prosesdə rolunun az olmamasıdır. Son hadisələrin xronoloji ardıcıllığına baxsaq, burada ABŞ-nin izlərini görmək mümkündür. ABŞ həm Rusiya–Ukrayna, həm də Yaxın Şərq mövzularında qısa müddətdə nəticə əldə etməyə çalışır.

Səudiyyə Ərəbistanı bir neçə ay əvvəl Pakistanla müqavilə imzalayıb. Təsadüfi deyil ki, bundan az sonra Donald Tramp 2001–2021-ci illər ərzində ABŞ-nin Əfqanıstanda yerləşdiyi Bagram hərbi bazasına yenidən qayıtmaq niyyətində olduqlarını bildirib. Elə bundan sonra da Pakistanla Əfqanıstan arasında bu proseslər başlayıb".

 

Ekspert bildirib ki, Pakistan, ABŞ-nin əsas müttəfiqlərindən biri olan Səudiyyə Ərəbistanı ilə bu müqaviləni təsadüfən imzalamayıb:

 

"Nəzərə alsaq ki, Pakistanın Çinlə münasibətləri son zamanlar, xüsusilə Hindistanla gərginlik səbəbindən daha da inkişaf edir, bu amil vəziyyətin mürəkkəbliyini artırır.
Səudiyyə Ərəbistanının prosesə cəlb olunması, eləcə də ABŞ-nin regiondakı əsas müttəfiqlərindən biri olan bu ölkənin Pakistanla qarşılıqlı müdafiə və digər sahələrdə əməkdaşlıq barədə sənəd imzalaması təsadüfi deyil. Çünki Ərəbistanda mövcud olan neft, qaz və digər təbii resurslar Pakistana hava və su kimi lazımdır. Bu baxımdan, Pakistan müəyyən mənada bu məsələdə müttəfiqlik etməyə məcbur qala bilər.
Bütün bunlar onu göstərir ki, yaxın zamanda həmin regionlarda yenidən qarşıdurmaların və dəyişikliklərin şahidi ola bilərik".

 

Türkan Kərimli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər