Pakistan-Əfqanıstan sərhədində gərginlik artıb
Pakistanla Əfqanıstan arasında yerləşən Duran xətti boyunca yenidən silahlı toqquşmalar baş verib. Pakistan ordusu Kurram əyalətindəki nəzarət-buraxılış məntəqələrinə edilən hücuma cavab olaraq Əfqanıstan ərazisində yerləşən terrorçu qrupların mövqelərinə hava və artilleriya zərbələri endirib. Hadisə nəticəsində hər iki tərəfdən itkilərin olduğu bildirilir.
Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Əfqanıstan ilə Pakistan arasında olan bu sərhəd bölgəsinə Duran xətti deyilir və bu bölgə XIX əsrin sonlarından bu günə qədər gərginlik mənbəyi olaraq qalmaqdadır:
"Hələ Pakistan dövləti yaranmamışdan öncə, həmin ərazidə yaşayan tayfalar və qəbilələr arasında su ehtiyatlarına sahib olmaq uğrunda daim münaqişələr baş verib.Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsindən sonra isə vəziyyət daha da mürəkkəbləşib. Əfqanıstanla Pakistan arasında baş verən hazırkı toqquşmalar gözlənilməz olsa da, Taliban tərəfindən Pakistan sərhədlərinə hücum edən silahlı qrupların bir çoxu məhz Pakistan tərəfindən yaradılıb. Pakistan bu qruplara “Duran bölgəsində fəaliyyət göstərən qüvvələr” adını verir. Münaqişələr nəticəsində hər iki tərəfdən ölənlər və yaralananlar var. Bu prosesin arxasında böyük güclərin , xüsusilə Hindistan və Çinin maraqları dayanır. Bildiyiniz kimi, həm Çin, həm də Pakistan Əfqanıstan ərazilərində iqtisadi və strateji maraqlara sahibdir. Bununla yanaşı, ABŞ-nin Çinlə yeraltı sərvətlərin istismarı ilə bağlı razılaşmaları da bu gün sual altındadır. Son günlərdə Pakistan və Hindistan arasında gərginlik fonunda ABŞ nin Prezidenti Donald Trampın Pakistanın müdafiə nazirini qəbul etməsi də diqqət çəkib. Bu, diplomatik baxımdan adi hal olmasa da, ABŞ–Pakistan münasibətlərində yeni mərhələnin başlandığını göstərir. Görünən odur ki, mətbuata açıqlanmasa da, Pakistanla ABŞ arasında müəyyən sövdələşmə mövcuddur. Bu, Pakistan ərazisindəki yeraltı sərvətlərin ABŞ şirkətləri tərəfindən işlənməsi ilə bağlıdır. Təbii ki, bu, Çinin maraqlarına uyğun gəlmir və bu səbəbdən Çinlə Pakistan arasında da müəyyən gərginlik yaranıb".
Ekspert həmçinin bunu da qeyd edib ki, eyni zamanda, Çin Taliban hökuməti ilə iqtisadi əməkdaşlığa başlayıb və Əfqanıstana investisiyalar qoyur"
"Son 6 ayda isə Hindistan hökuməti Əfqanistanda səfirlik açıb və bu ölkənin yeraltı sərvətlərinə sahib olmaq üçün 4 milyard dollardan artıq investisiya yatırıb. Böyük ehtimalla, hazırkı vəziyyətin arxasında Hindistan dayanır. O, Taliban vasitəsilə Pakistana zərbə vurmaq və bölgədə öz təsirini artırmaq istəyir. Lakin Hindistan birbaşa ABŞ-lə qarşıdurmadan çəkinir. Bu kontekstdə ABŞ ilə Pakistanın yaxınlaşması da sürətlə davam edir. Trampın son bəyanatlarından aydın olur ki, ABŞ bu münaqişədə Pakistanın tərəfində çıxış edəcək və prosesə təsir göstərəcək. ABŞ-nin maraqlarından biri də Bagram aeroportunu yenidən öz nəzarətinə qaytarmaqdır. Qeyd edək ki, Baqram aeroportu bölgənin ən böyük hava limanıdır və ABŞ tərəfindən inşa edilib. Bu aeroport Çin ərazisində yerləşən nüvə silahı istehsal mərkəzinə təxminən bir saatlıq məsafədə yerləşir. Ona görə də ABŞ üçün Baqramın yenidən ələ keçirilməsi strateji əhəmiyyət daşıyır. Beləliklə, Pakistan və Əfqanıstan arasında baş verən münaqişədə ABŞ-nin Pakistanı dəstəkləməsi gözləniləndir".
Güllər Gülhüseynova
