Pakistan Əfqanistanla danışıqları bərpa edir
Pakistan Türkiyənin xahişi ilə Əfqanistanla danışıqları bərpa etməyə qərar verib. Mənbələrin məlumatına görə, danışıqlar İslamabadın Kabula irəli sürdüyü əsas tələb - Əfqanıstan ərazisində fəaliyyət göstərən terror qruplaşmalarına qarşı aydın və səmərəli tədbirlərin görülməsi ilə bağlı olacaq.
Mövzu ilə bağlı politoloq Arzuxan Əlizadə "İnformator.az"a açıqlamasında bildirib ki, münaqişənin kökündə çox ciddi tarixi və siyasi amillər dayanır:
"Pakistanla Əfqanıstan arasında münaqişə uzun illərdir davam edir və bu gərginlik, xüsusilə də Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsindən sonra daha da dərinləşib. Münaqişənin kökündə çox ciddi tarixi və siyasi amillər dayanır.
Əslində bu problemin başlanğıcı 1893-cü ilə gedib çıxır. Həmin vaxt ingilis müstəmləkəçiləri tərəfindən Əfqanıstanla Pakistan arasında sərhəd Durand xətti müəyyənləşdirilib. Təxminən 2670 kilometrlik bu sərhəd xəttini Əfqanıstan bu günə qədər rəsmi olaraq tanımır və hesab edir ki, bu bölgü ədalətli olmayıb. Pakistan isə öz növbəsində həmin sərhəd ərazilərini qorumağa və müdafiə etməyə çalışır. Digər mühüm məsələ isə Talibanla bağlıdır. Əfqanıstan ərazisində “Təhriki Taliban Pakistan” adlı silahlı qruplaşma fəaliyyət göstərir. Bu qruplaşma tez-tez Pakistan sərhədinə hücumlar təşkil edir. Məsələn, oktyabrın 10-11-də baş verən son hücumlar nəticəsində hər iki tərəf itkilər verib. Bu da münaqişənin nə qədər ciddi olduğunu göstərir".
Ekspertin sözlərinə görə,həm Pakistan, həm də Əfqanıstanda Çin investisiyaları mövcuddur:
"Pakistan tərəfi tələb edir ki, Əfqanıstan hökuməti bu silahlı qruplaşmanın fəaliyyətinə son qoysun və onu dəstəkləməsin. Amma bu, reallıqda çətin görünür. Çünki Taliban hakimiyyətdədir və bir çox hallarda bu qruplaşmaya dolayı dəstək verdiyi bildirilir.Bu vəziyyət təkcə region ölkələrini deyil, böyük dövlətləri də narahat edir. Xüsusilə Çin, bu münaqişədən narahatlığını açıq şəkildə ifadə edib. Çünki həm Pakistan, həm də Əfqanıstanda Çin investisiyaları mövcuddur və Pekin bu sərmayələrin təhlükə altına düşməsini istəmir. Digər tərəfdən, ABŞ də bu prosesə diqqət yetirir. Keçmiş Prezident Donald Tramp da bəyan etmişdi ki, tərəflər arasında sülhün bərpası istiqamətində addımlar atılmalıdır. Eyni zamanda, Türkiyə də tərəflərin xahişi ilə bu prosesdə vasitəçilik missiyasını üzərinə götürüb.Ümid edirik ki, bu danışıqlar nəticəsində Pakistan və Əfqanıstan arasında sabitlik bərqərar olacaq. Çünki bu münaqişə region üçün ciddi təhlükə yaradır. Azərbaycan üçün Pakistan qardaş və dost ölkədir, və biz də bu gərginliyin sülh yolu ilə həll olunmasını arzulayırıq".
Xədicə Məhərrəmli
