00:00:00
Yazar
Admin User
13.10.2025 18:40 91 2 dəq oxuma
Dünya

Pakistan ordusu sərhəddə güc nümayiş etdirib

Pakistan ordusu sərhəddə güc nümayiş etdirib

Pakistan Silahlı Qüvvələri Əfqanıstanla sərhəddə yerləşən və ölkə ərazisində terror hücumları həyata keçirən silahlı qruplara dəstək verdiyi bildirilən 19 nəzarət-buraxılış məntəqəsini nəzarətə götürüb.

 

Mövzu ilə əlaqədar politoloq Züriyyə Qarayeva “İnformator.az” a açıqlamasında bildirib ki, Pakistan Silahlı Qüvvələrinin Əfqanıstanla sərhəddə 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirməsi təkcə hərbi əməliyyat deyil, eyni zamanda regionda dəyişən təhlükəsizlik balansının göstəricisidir:

 

“İslamabad son aylarda Əfqanıstandan qaynaqlanan silahlı hücumların artdığını və bu qruplara Taliban hakimiyyətinin dolayı yolla dəstək verdiyini iddia edir. Ordunun əsas hədəfi sərhədin təhlükəsizliyini təmin etməklə yanaşı, terror fəaliyyətlərinin qarşısını almaq və Taliban rəhbərliyinə açıq mesaj verməkdir. Pakistan bundan sonra öz ərazisindəki təhdidlərə qarşı daha sərt və birbaşa cavab verəcək. Bu hadisə region üçün mühüm nəticələr doğura bilər. Əvvəla, Pakistan-Əfqanıstan münasibətləri daha da gərginləşəcək, çünki Kabil bu əməliyyatı ərazi suverenliyinə müdaxilə kimi qiymətləndirir. Digər tərəfdən, bu addım Orta Asiya və Hindistanla sərhəd təhlükəsizliyi məsələlərinə də təsir edəcək - regionda yeni hərbi balansın formalaşmasına zəmin yaradır. Pakistan ordusunun sərhəddəki güc nümayişi həm də daxili auditoriyaya ünvanlanıb: ölkə ictimaiyyətinə göstərilir ki, dövlət terror təhdidinə qarşı iradəli və özünə güvənən mövqe tutur. Nəticə etibarilə, Pakistan bu əməliyyatla həm təhlükəsizlik mexanizmlərini gücləndirmək, həm də beynəlxalq aləmə mesaj vermək istəyir. İslamabad göstərmək istəyir ki, artıq “vasitəçi dövlət” rolu ilə kifayətlənməyəcək və milli təhlükəsizliyinə yönəlmiş hər hansı təhdidə qarşı sərt addımlar atmaqdan çəkinməyəcək. Bu isə regionda yeni bir gərginlik dalğasının başlanğıcı ola bilər”.

 

Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər