Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb
Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sahəsində əməkdaşlıq münasibətlərinin gücləndirilməsi regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. İki ölkə arasında imzalanan yeni razılaşmalar hərbi təcrübə mübadiləsini, müdafiə sənayesində birgə layihələri və təhlükəsizlik sahəsində koordinasiyanı daha da genişləndirməyi hədəfləyir. Bu addım həm strateji tərəfdaşlığın möhkəmlənməsinə, həm də regional sabitliyin qorunmasına xidmət edir.
Mövzu ilə əlaqədar olaraq siyasi şərhçi Cavanşir Abbaslı "İnformator.az"a açıqlamasında bildirib ki, bu saziş geniş imkanlara yol açacaq:
"Təbii ki, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan bu saziş olduqca vacibdir, xüsusilə də Azərbaycan üçün. Hər iki ölkə, yəni Pakistan və Səudiyyə Ərəbistanı Azərbaycana yaxın ölkələrdir. Pakistan nüvə silahına sahib ölkədir, eyni zamanda Səudiyyə Ərəbistanı Azərbaycanın ən yaxın dostlarından biri hesab olunur. Təbii ki, bu sazişin tələbləri arasında yeni imkanlar mövcuddur. Azərbaycan, Türkiyə və bu iki qardaş ölkənin bir-birinə yaxın olması region üçün də çox vacibdir. Sazişin reallaşması və həyata keçirilməsi üçün müəyyən mexanizmlər formalaşacaq ki, tərəflər bu mexanizmləri həyata keçirmək üçün öz addımlarını atacaqlar. İstənilən halda sazişin müddətinin nə qədər olacağına zaman göstərəcək. Amma bu sazişi yüksək qiymətləndirmək lazımdır. Hesab edirəm ki, bu cür müdafiə sazişlərinin əhatə dairəsi daha da genişləndirilməlidir. Müsəlman ölkələri arasında bu cür müdafiə sazişləri imzalanmalıdır. Hətta düşünürəm ki, Azərbaycan, Pakistan və Səudiyyə Ərəbistanı kimi ölkələr arasında belə bir ümumi müdafiə sazişi imzalanmalıdır".

Arzu Poladova