Papa ABŞ və Venesuelanı dialoqa çağırıb
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ABŞ və Venesuela arasında artan gərginlik fonunda zorakılıqla heç nəyə nail olunmayacağını və problemlərin dialoq yolu ilə həll edilməli olduğunu bildirib.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ hesab edir ki, Venesuelanın hazırkı rəhbərliyi narkoticarətlə əlaqəlidir və bu təhlükəni aradan qaldırmaq niyyətindədir:
“Ümumiyyətlə, ABŞ ilə Venesuela arasında hazırda yaşanan gərginlik, mahiyyət etibarilə, təkrarlanan bir prosesdir. Vaxtilə də Venesuela ilə ABŞ arasında çox ciddi gərginlik mövcud olub. Bu gərginliyin səbəbi ABŞ vasitəsilə fərqli şəkildə izah olunsa da, mahiyyət etibarilə ABŞ-nin Cənubi Amerika üzərində öz təsir imkanlarını qoruyub saxlamaq istəyi ilə bağlıdır. Bir müddət əvvəl ABŞ-nin dəstəklədiyi Quaydo özünü Venesuelada prezident elan edib və ABŞ də onu Venesuelanın qanuni prezidenti kimi tanıyıb. Sonradan Maduro etirazları səngidib və öz hakimiyyətini Venesuelada bərpa edib. ABŞ hesab edir ki, Venesuelanın hazırkı rəhbərliyi narkoticarətlə əlaqəlidir və bu təhlükəni aradan qaldırmaq niyyətindədir. Hətta Donald Trampın Venesuelaya qarşı hərbi güc tətbiq etmək ehtimalı belə müzakirə olunub, lakin vəziyyət bu həddə çatmayıb. ABŞ ikinci dəfə Maduronu hakimiyyətdən uzaqlaşdırmağa çalışır. Əsas məqsəd rejim dəyişikliyinə nail olmaq və ABŞ-yə uyğun siyasi qüvvələri hakimiyyətə gətirməkdir. Venesuela isə Cənubi Amerikada geosiyasi baxımdan çox önəmli bir ölkədir. Xüsusilə də karbohidrogen ehtiyatları, o cümlədən neft ehtiyatları baxımından zəngin ölkədir. Məhz bu səbəbdən ABŞ öz maraqlarına uyğun olacaq bir siyasi qüvvə vasitəsilə bu ölkə üzərində nəzarətini təmin etməyə çalışır. Məsələnin mahiyyəti bundan ibarətdir”.
Politoloq bildirib ki, nəzərə almaq lazımdır ki, vaxtilə Maduranı hakimiyyətdən uzaqlaşdırılmağa cəhd olunub, lakin bu nəticə verməyib:
“Üstəlik, Venesuela daxilində Maduronun elektoral dəstəyi heç də zəif deyil. Eyni zamanda, venesuelalılar ABŞ-nin ölkə ilə bağlı planları haqqında müəyyən təsəvvürlərə malikdirlər. Buna görə də Papa XIV Leo tərəfləri dialoqa çağırır, çünki onun da ehtimalı var ki, bölgədə hərbi qarşıdurma vəziyyəti yarana bilər.
Lakin bir daha qeyd etmək lazımdır ki, bu, hərbi qarşıdurma səviyyəsinə çatmayacaq. Çünki ABŞ-nin belə bir addımı atması üçün real və ciddi əsaslar yoxdur. ABŞ-nin Venesuelaya qarşı təsir göstərməsi, əsasən, ölkə daxilində öz təsirində olan müəyyən siyasi qüvvələr vasitəsilə baş verir və bu istiqamətdə yenidən cəhdlər ola bilər. Amma bu cəhdlərin hansı nəticələrə gətirib çıxaracağı hələ də sual altındadır. Beynəlxalq təşkilatlara gəldikdə isə, məsələyə əsas müdaxilə etməli olan qurum BMT-dir. Dövlətlərarası münasibətlərin dialoq yolu ilə tənzimlənməsi BMT-nin birbaşa səlahiyyətləri çərçivəsindədir. Bununla yanaşı, digər regional təşkilatlar və ABŞ-nin də üzvü olduğu beynəlxalq qurumlar silahlı qarşıdurmanın qarşısını almaq üçün təşəbbüslər göstərə bilərlər. Ümumilikdə isə, ABŞ-də hansı administrasiya hakimiyyətdə olmasından asılı olmayaraq, Madura rejimi qəbul olunmur və zaman-zaman bu rejimə qarşı tənqidlər səsləndirilir. Bununla belə, indiki geosiyasi reallıqlar çərçivəsində Madura hakimiyyəti hələlik dayanıqlı görünür”.

Səmayə Səftərova
