Paşinyan Aİ səfirləri ilə Vaşinqton sammitinin nəticələrini müzakirə edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin səfirləri ilə Vaşinqton sammitinin nəticələrini müzakirə edib.
Mövzu ilə bağlı olaraq politoloq Xəqani Cəfərli “İnformator.az” a açıqlamasında bildirib ki, Aİ ilə əməkdaşlıq Azərbaycana müsbət təsir göstərir:
“Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton sammiti Cənubi Qafqazda yeni geosiyasi vəziyyət yaratdığı üçün Ermənistan da daxil olmaqla bölgənin hər üç dövlətinin gələcək siyasi kursuna ciddi təsir edəcək. Belə demək olar ki, Sovet İttifaqının dağılmasından sonra mövcud olan status-kvoya Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton sammiti ilə son verilib. Ermənistanın Avropa İttifaqı ilə əməkdaşlığının dərinləşməsi də bölgədə gedən ümumi proseslərə müsbət təsir edəcək. Ona görə də Ermənistanın Aİ ilə əməkdaşlığı dolayısı ilə Azərbaycana da müsbət təsir edir. Ümumiyyətlə, bölgə ölkələrinin iqtisadi inkişafına səbəb olacaq istənilən ölkə Cənubi Qafqazda sabitliyi gücləndirir. Ermənistanla Aİ arasında prioritet məsələlər təhlükəsizlik və iqtisadiyyatla bağlıdır. Çünki Ermənistanın təhlükəsizlik və iqtisadiyyatla bağlı əsas tərəfdaşı Rusiya idi. İndi Rusiya Ermənistan üçün cəlbediciliyini itirib buna görə də , o yeni tərəfdaş tapmalıdır. Bu tərəfdaş isə hazırda Avropa İttifaqından başqa biri ola bilməz. Bütün bunlar isə Cənubi Qafqazda sabitliyə, iqtisadi inkişafa müsbət təsir edəcək”.
Arzu Poladova
