00:00:00
Yazar
Admin User
26.12.2025 17:43 89 3 dəq oxuma
Siyasət

Paşinyan Azərbaycandan neft məhsulları daşıyan qatarın görüntülərini paylaşıb

Paşinyan Azərbaycandan neft məhsulları daşıyan qatarın görüntülərini paylaşıb

 

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan mənşəli benzinlə yüklənmiş qatarın ölkəyə çatmasını əks etdirən görüntüləri paylaşaraq bunu “sülhün reallığa çevrilməsi” kimi qiymətləndirib. Azərbaycan neft məhsullarının Ermənistana ixracının kommersiya xarakteri daşıdığı bildirilib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Azərbaycan neft məhsullarının Ermənistana ixracını çox düşünülmüş və vacib bir şəraitdə həyata keçirdi:

 

“Burada nəzərə almaq lazımdır ki, ümumiyyətlə, Azərbaycan-Ermənistan istiqamətində həyati əhəmiyyət daşıyan tranzitləri açır. Bilirsiniz, məsələ ondadır ki, ilk dəfə Qazaxıstandan taxıl gəldi və bu taxıl Ermənistana Azərbaycan ərazisindən keçdi. Bu, Ermənistan üçün çox vacib bir məsələdir. Daha sonra Rusiyadan tranzitlər açıldı, müxtəlif yüklər gəldi. Bununla yanaşı, Azərbaycan özü də enerji daşıyıcılarını göndərir və Ermənistan bunları adekvat şəkildə düzgün dəyərləndirməlidir.
Azərbaycan nə Ermənistandan qorxur, nə onun qarşısında bədgümanlığı var, nə ondan çəkinir, nə də onun havadarları qarşısında gözükölgəlidir. Xeyr, Azərbaycan güclüdür, özünə əmindir, dayanıqlı mövqeyi var və məhz bu gücündən irəli gələrək bu addımları atır. Ermənistan isə bunları düzgün dəyərləndirməlidir. Hətta görürük ki, Ermənistanın daxilində bəzi siyasi dəllallar tapılıb. İndi deyirlər ki, guya Azərbaycanın benzinini boykot etməlidirlər, enerji daşıyıcılarından imtina edəcəklər. Bütün dünyaya bunu sanki hansısa sönük və zəif bir tərzdə təqdim edirlər. Amma əslində bütün dünya qarşısında dilənir vəziyyətə düşürlər və bununla da öz natamamlıqlarını nümayiş etdirirlər. Bu yanaşma onları alçaldır. Azərbaycan isə artıq bunlara əl uzadır ki, yıxılmış vəziyyətdən qaldırsın. Bu davranış isə onlar üçün utanc gətirir. Emənisayağı bir yanaşmadır. Enerji əməkdaşlığı, ümumiyyətlə, siyasi və geosiyasi aləmdə çox vacib rol oynayır və biz bunun şahidi olmuşuq. Daha doğrusu, Azərbaycan iri infrastruktur layihələrini həyata keçirməklə çox mühüm transformasiyalara nail olub. Məsələn, Bakı-Tbilisi-Ceyhan kəmərini götürək. Biz bölgədə üç dövlətin-Azərbaycan, Gürcüstan və Türkiyənin-strateji yaxınlığının təməlini qoyduq. Cənub Qaz Dəhlizi vasitəsilə isə ondan artıq ölkə bu xətdən istifadə edir. Görürük ki, enerji daşıyıcıları, ümumiyyətlə, etimad mühitinin formalaşmasında misilsiz rol oynayır. Təsadüfi deyil ki, bu gün Azərbaycan bütün dünyada çox uğurlu bir dövlət kimi tanınır. Bu da geosiyasi aləmdəki nüfuzumuzu və reytinqlərimizi dəfələrlə artırır. Göstərir ki, Azərbaycan sülh və əməkdaşlıq konsepsiyasını həyata keçirməklə eyni zamanda təhlükəsizlik təminatçısı kimi də uğurla fəaliyyət göstərir və yaxşı bir nümunə yaradır. Sülh üçün, əlbəttə ki, neftdən, ticari enerji daşıyıcılarından sonra digər ticarət mallarının mübadiləsi və alış-verişi də çox əlverişli mühit formalaşdırır. Ermənistan faktiki olaraq bölgədə mövcuddur, lakin sosial-iqtisadi zəmində demək olar ki, özünü çox cüzi şəkildə büruzə verir. Digər tərəfdən, sülh şəraiti bizə ona görə lazımdır ki, birincisi, biz özümüzü layiqli şəkildə ifadə edə bilək və əməkdaşlığı gücləndirməklə çox münbit bir mühit yaradaq. Geosiyasi və geoiqtisadi konyunktura yalnız təşəbbüskarlıq nəticəsində canlanır. Ona görə də qəti əminəm ki, Azərbaycanın bu istiqamətdə Ermənistan tərəfinə verdiyi töhfələr və göstərdiyi dəstək, birincisi, sülh şəraitini gücləndirir, digər tərəfdən isə Ermənistanın sağlam qüvvələrini adekvat addımlar atmağa sövq edir. Nəhayət, bu, onu göstərir ki, Qafqaz bölgəsi yeni bir mərhələyə qədəm qoymaq ərəfəsindədir və bu addımlar artıq demək olar ki, formalaşıb. Bu mərhələnin reallaşması isə birbaşa Azərbaycanla bağlıdır. Mən belə başa düşürəm ki, Nikol Paşinyan ilk növbədə ölkə daxilində elə bir şərait formalaşdırmalıdır ki, revanşistlər, qaragüruhçular və türkofob qüvvələr fəaliyyətlərini dayandırsınlar və hökumətin, sağlam qüvvələrin işinə mane olmasınlar. Əgər bu baş verməzsə, münasibətlərimiz heç vaxt tarazlı, balanslı və sağlam ola bilməz. Çünki bu gün inteqrasiya zamanın tələbidir. İnteqrasiya isə ilk növbədə qonşuluqdan başlayır. Əgər qonşuluq siyasəti sağlamdırsa, deməli, inteqrasiyanın təməli də sağlam olacaq “.


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər