Paşinyan Azərbaycanın Konstitusiya Dəyişikliyi Tələbinə Razılıq Verib
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın növbəti tələbinə cavab olaraq razılıq verib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Əhəd Məmmədli bildirib ki, bu Ermənistan siyasətinə ciddi təsir göstərməyəcək:
"Konstitusiyadan Müstəqillik Bəyannaməsinin çıxarılması Ermənistan siyasətinə ciddi təsir göstərməyəcək. Ermənilər artıq bununla barışıblar, müxalifətin isə kifayət qədər gücü yoxdur. Düzdür, Sarkisyan bəyan edib ki, yenidən hakimiyyətə gəlsələr, bütün bu imzaları ləğv edəcəklər. Amma bu, artıq gələcəyin məsələsidir. Müxalifətdə olmaq və çıxışlar etmək daha rahatdır, lakin iqtidara gəldikdə dediklərinin hamısını həyata keçirmək çox daha məsuliyyətli və çətin işdir. Ona görə düşünürəm ki, Ermənistanda buna qarşı ciddi etiraz olmayacaq, çünki müxalifət zəifdir. Ermənistanın 29 min kvadratkilometr ərazisində qalmasına biz niyə razı olmalıyıq? Niyə tələsik bu müqaviləni Ermənistanla imzalamalıyıq? Azərbaycandakı bu ab-havanı başa düşmürəm. Ermənistan zəif olduğuna görə qalan ərazilərini müdafiə edir, amma biz güclü tərəf olduğumuz halda niyə belə edirik? Bu, başqa bir sualdır. Məncə, Azərbaycan Ermənistanla heç bir sülh müqaviləsi imzalamamalıdır. Çünki bu, ərazi iddiasıdır. Türkiyə də bu yola getməməlidir. Ermənistan gerbindən həmin simvol götürülməyincə, Türkiyə nəinki sülh müqaviləsi, hətta sərhədlərin açılması barədə də danışmamalıdır. Təəssüf ki, Türkiyə bu mövqeni tutmur. Ermənistan isə BMT-yə qəbul edilir və bunu asanlıqla edir".
Qəmər Kazımzadə