00:00:00
Yazar
Admin User
16.09.2025 17:14 137 2 dəq oxuma
Siyasət

Paşinyan: “Ermənistan heç vaxt indiki qədər təhlükəsiz olmayıb”

Paşinyan: “Ermənistan heç vaxt indiki qədər təhlükəsiz olmayıb”

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi heç vaxt indiki qədər təhlükəsiz olmayıb. O əlavə edib: “Mən yazda deyirdim ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq. İndi bəyan etmək istəyirəm ki, bundan sonra Ermənistanla Azərbaycan arasında sülh var”.

 

Məsələ ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında deyib ki, erməni liderlərinin sözləri etibarlı görünməsə də, bölgədə müharibə riskinin azalması realdır:

 

“Paşinyanın dediklərində müəyyən həqiqət var. Müharibənin olmaması fikri doğrudur. Amma bunun qarantı Paşinyanın bəyanatı deyil, Trampın vasitəçiliyidir. Tramp hakimiyyətdə qaldığı təqdirdə sülh prosesi yekunlaşarsa, Ermənistan tərəfindən arxayın ola bilərik. İlham Əliyevin də Vaşinqton görüşünə qatılması və mühüm nailiyyətlər əldə edilməsi bu faktorla bağlıdır”.

 

Politoloq qeyd edib ki, sülh sazişi paraflanaraq imzalanarsa və tərəflər üzərinə götürdükləri öhdəlikləri yerinə yetirərsə, Azərbaycanın tələb etdiyi “maneəsiz hərəkət” prinsipi təmin olunsa, bölgədə uzunmüddətli sabitlik mümkün olacaq:

 

“Ermənistan yenidən işğala cəhd etsə, bu, Azərbaycanı daha da gücləndirəcək. İnanmıram ki, Ermənistan yaxın 50 il ərzində Azərbaycana qarşı hər hansı təcavüzkar addım atsın. Ölkədə əhali kəskin azalıb, demoqrafik problemlər var. Tarixən də Cənubi Qafqazda sayca ən çox olan azərbaycanlılar olub. Bu, mühüm faktordur”.

 

Turan Rzayevin sözlərinə görə, sülhə mane ola biləcək əsas amil Rusiya faktorudur:

 

“Fransa bu məsələdə nə neytral qalıb, nə də mənfi addım atır. Hazırda əsas məsələ Rusiyadır. Kremlin Cənubi Qafqazda təsir imkanları zəifləyib, Azərbaycandakı beşinci kolon çox zəifləyib. Amma Ermənistanda kilsənin Rusiya ilə bağlılığı, ordudakı rusiyapərəst qüvvələr risk yaradır. Bununla belə, iki ölkə baş nazirlər və parlament nümayəndələri səviyyəsində birbaşa təmaslar qurur və bu da təhlükələri minimuma endirir”.

 

 

Fatimə Heydərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər