Paşinyan paylaşım edib
Ermənistanın Baş naziri Nikol Paşinyan İncildən paylaşım edib.“Sülh yaradanlar nə bəxtiyardırlar. Çünki onlar Allahın övladları adlanacaqlar. Matta 5:9”, - Paşinyan bildirib.
Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, bu Paşinyanın bir növ rəqiblərinə mesajı kimi dəyərləndirilə bilər:
Bu mesaj Paşinyanın son illər Ermənistanda daxili siyasi mübarizə fonunda olan fəaliyyətinin bir növ işarəsidir ki, o, öz rəqiblərinə, xüsusilə revanşistlərə bildirmək istəyir ki, sizdən fərqli olaraq mən bölgəyə, regiona sülh gəlməsini istəyirəm. Ona görə də ,Azərbaycanla danışmağa, uzlaşmağa, sülh sazişi imzalamağa çalışıram. Revanşistlər, Ermənistandakı müxalifət isə əksinə sülh istəmir. Çünki bölgədə sülhün olması Rusiyanın və digər güclərin bölgəyə müdaxiləsini çətinləşdirir və dolayısı ilə bölgədə münaqişənin ömrü uzanır. Bölgədə münaqişə isə əlbəttə üçüncü güclərə sərf edir. Onlar münaqişə ərzində burada var olmaqda davam edirlər. Bu isə daha ciddi risklər və qarşıdurmalar vəd edir. Yəni Paşinyan bir formada əslində, öz müxalifətinə, öz rəqiblərinə mesaj verir ki, sizdən fərqli olaraq mən Allahın istədiyi işlə məşğulam. Ümumiyyətlə, bu mesaj birbaşa Ermənistanla Azərbaycan arasında Birləşmiş Ştatlarda keçiriləcək görüşə də birbaşa işarədir. Trampın bilavasitə iştirakı ilə Ağ Evdə Paşinyan və İlham Əliyev görüş keçirəcəklər. Bu görüşdə sülh sazişi ilə bağlı hansısa mühüm bir addım atılacağı da ehtimal olunur. Bütün bunlar fonunda Paşinyan bu açıqlamaları verib. Yəni bir daha onu qeyd edib ki, o, bölgəyə sülhün gəlməsini istəyir. O Vaşinqtona bu səbəblərdən şüurlu olaraq gedib. Azərbaycanla Ermənistan arasında baş verəcək anlaşma, uzlaşma Paşinyanın siyasi-iqtisadi xəttinin və yaxud da onun istəklərinin, maraqlarının gərəyi kimi təqdim olunmalıdır, anlaşılmalıdır”.
Lalə Qurbanlı