Paşinyan və Putin arasında telefon danışığı olub
Mövzu ilə bağlı ”İnformator.az”a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki, Paşinyan ilə Vladimir Putin arasında baş tutan telefon danışığı iki ölkə arasında son dövrlərdə müşahidə olunan gərginliklər və qarşılıqlı ittihamlar fonunda mövcud münasibətlərin dinamikasını tənzimləmək, eləcə də mövcud fikir ayrıseçkiliklərini yumşaltmaq baxımından mühüm əhəmiyyət daşıyır:
“Bu cür birbaşa təmaslar hər iki tərəfə yığılmış problemli məsələləri açıq müstəvidə müzakirə etmək, tərəflərin qırmızı xətlərini bir daha nəzərdən keçirmək və münasibətlərin tamamilə qırılmasının qarşısını almaq üçün imkan yaradır. Moskva ilə İrəvan arasındakı iqtisadi, təhlükəsizlik və inteqrasiya əlaqələrinin dərin tarixi köklərə malik olması, Ermənistanın iqtisadiyyatının və enerji təchizatının müəyyən dərəcədə Rusiya amilindən asılılığı bu cür dialoqların həm də praktiki zərurətdən irəli gəldiyini göstərir. Lakin eyni zamanda, bu telefon danışığı Ermənistanın Qərblə əlaqələrini sürətlə dərinləşdirdiyi və Rusiya liderliyindəki inteqrasiya strukturlarından uzaqlaşmaq kursu götürdüyü bir dövrdə baş verdiyi üçün tərəflər arasındakı dərin strateji inamsızlığı dərhal aradan qaldırmağa qadir deyil. Bu dialoq daha çox mövcud ziddiyyətlərin idarə olunmasına, sərt ritorikanın müvəqqəti dəyişdirilməsinə və tərəflərin bir-birinin addımlarını yaxından izləməsinə xidmət edir, uzunmüddətli perspektivdə isə Ermənistan–Rusiya münasibətlərinin taleyi Cənubi Qafqazdakı ümumi geosiyasi proseslərdən və İrəvanın xarici siyasət vektorunda edəcəyi qəti seçimdən birbaşa asılı olaraq qalır”.
Nurgün Qənizadə