Paşinyandan diasporaya sərt mesaj: Ermənistan siyasətini kim müəyyənləşdirəcək?
“Xaricdəki erməni diasporu Ermənistanın yolgösətərəni ola bilməz”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Mənim yanaşmam budur ki, Ermənistan diaspordan yardım istəməyəcək. Diasporadakı bütün təşkilatlar yalnız özlərini təmsil edirlər. Ermənistan hökuməti diasporun bütün təşkilatları ilə əməkdaşlıq etməyə hazırlaşır, amma bunu öz strateji məntiqi və yanaşması çərçivəsində edəcək”, - o qeyd edib.
Mövzu ilə bağlı siyasi şərhçi Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Ermənistanın daxili və xarici siyasətinin müəyyən olunmasında diaspor, kilsə əsas söz sahiblərindən olub:
“Bütün hökumətlər siyasətlərini diaspor və kilsənin mövqeyini nəzərə alaraq müəyyən ediblər. İndi isə belə görünür ki, Paşinyan diaspor və kilsənin siyasi prosüslərə təsirini azaltmağa çalışır. İlk olaraq bunu kilsəyə münasibətdə müşahidə elədik. İndi isə artıq diaspora qarşı da eyni siyasət yürüdlməyə başlayır. Paşinyanın bu siyasəti uğurlu olsa cəmiyyətin siyasi proseslərdə iştirakı daha müstəqil olacaq. Bu da Ermənistanın daxili və xarici siyasətinə müsbət təsir edəcək. ABŞ, Avropada və ya Rusiyadakı diaspor Ermənistandakı insanların maraqlarını nəzərə almayaraq əsasən yaşadıqları ölkənin maraqlarından çıxış edirlər. Bu isə əksər hallarda Ermənistanın yerli əhalisinin maraqlarına ziddiyət təşkil edir. Əgər, Paşinyan diasporun Ermənistan siyasətinə təsirini azaltmağa nail olsa, bu Ermənistan cəmiyyətinin maraqlarına uyğun olacaq. Diasporla münasibətlərində yeni siyasi modeli də bu prosesin nəticəsinə uyğun formalaşacaq”.
Nuray Əliyeva