Paşinyandan Zəngəzur açıqlaması
"Məncə, saziş və bəyannamənin İran və Rusiya üçün çox ciddi faydaları var. Bu saziş həyata keçirildikdə İran dəmir yolu ilə Fars körfəzindən Qara dənizə çıxış əldə edəcək. Rusiya və İran iki ölkə arasında dəmir yolu əlaqəsi yarada biləcək". Bunu Ermənistan Baş naziri Nikol Paşinyan “Fox Nyus” telekanalına müsahibəsində deyib.
Mövzu ilə bağlı politoloq Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, əgər ambisiyalara qapılmasalar Zəngəzur dəhlizinin açılması İran və Rusiya üçün həm faktiki, həm də strateji planda ancaq müsbət təzahürlər vəd edir:
"Ancaq əlbəttə, İran da, Rusiya da nə qədər ki, özlərinin geosiyasi ambisiyalarını və üstünlüklərini sübut etmək niyyətlərinə söykənən siyasət aparacaqlarsa, Zəngəzur dəhlizinin üstünlüklərini görməyəcəklər. Burada Rusiyanı narahat edən Zəngəzur dəhlizinin üzərində hegemonluğun itirilməsidir. Dərindən baxanda Rusiyanın bu dəhlizin üzərində hegemonluq etməsi Rusiyaya heç nə qazandırmır, çünki əgər Rusiya bu gün bütünlüklə Qafqazda öz mövqeyini itirməkdədirsə, onun bu mövqeyinin itirilməsi Zəngəzur dəhlizi ilə bağlı deyil".
Politoloq həmçinin əlavə edib ki, Rusiya ən azı nəzərə almalıdır ki, Zəngəzur dəhlizinin blakadadan çıxması ilə onun Fars körfəzinə növbəti birbaşa çıxışı yarana bilər:
"Ona görə ki, əgər o indiyə qədər Ermənistanı bu bölgədə özünə müttəfiq sayırdısa, bu müttəfiqlik Ermənistana regional blokadadan başqa heç nə gətirmədi. Amma Zəngəzur dəhlizinin açılması həm İran üçün, həm də Rusiya üçün həm öz aralarında birbaşa əlaqələrin qurulmasına səbəb olacaq, həm də hər ikisinin bölgə dövlətləri ilə daha geniş coğrafiyada əməkdaşlığını təmin edəcək. Əlbəttə ki, Zəngəzur dəhlizinin açılması ilə İranın Ermənistan, Rusiya, Türkiyə, Gürcüstan və Avropa ilə yeni əlaqələr sistemi formalaşa bilir. Çünki İran həm Ermənistanın üzərindən, həm də Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan üzərindən Türkiyə və Gürcüstana çıxış əldə etməklə özünün beynəlxalq əlaqələrini daha da genişləndirmiş olur. Azərbaycan-Ermənistan sazişinin imzalanması isə artıq öz üstünlüklərini göstərməkdədir. Əgər hər iki dövlər Vaşinqtonda sazişə imza atdılarsa, deməli sülhün onlar üçün faydalarına lazımi səviyyədə dəyər verə bildilər".
Onun sözlərinə görə bütün hallarda ən pis sülh ən yaxşı müharibədən qat-qat üstündür:
"Xalqlar müharibə aparmaqdan yorula bilir, amma sülh şəraitində yaşamaqdan hələ dünyada heç bir xalq yorulmayıb. Eyni zamanda, hər iki xalqın sülhə böyük ehtiyacı var. Həm də nəzərə alaq ki, Azərbaycan Ermənistanla müqayisədə müstəqilliyin ləzzətini xeyli dərəcədə hiss edib. Ermənistan isə qonşuya qarşı təcavüzkar ölkə statusuna düşüb. Belə şəraitdə, regionda hamı tərəfindən təcrid olunan Ermənistanda həyat səviyyəsi xeyli dərəcədə aşağı düşüb. Azərbaycanla sülh sazişi həm erməni cəmiyyətinin azad nəfəs almaq şansıdır, həm regional blokadadan çıxaraq daha geniş ticarət, turizm və humanitar əlaqələrə birbaşa çıxış imkanıdır. Azərbaycanın isə faydası mübahisəsizdir. Çünki sülhə gedən yolları Azərbaycan yaratdı və sülhün təkcə özü üçün yox, bütün bölgə üçün əhəmiyyətli olduğunu dərk edərək, nə qədər ağır formada olsa belə, hərbi yolla bölgədə təcavüz faktorunu aradan qaldırdı. Bölgəyə gələcək böyük sülhün tarixdə müəllifi kimi isə məhz Amerikanın adı qala bilər. Təəssüf ki, Rusiya ona verilən bu şansdan istifadə edə bilmədi və bütün bölgədə sülhün təminatçısı olmaq kimi tarixi bir şərəfə nail ola bilmədi".
Fatimə Heydərova