00:00:00
Yazar
Admin User
28.11.2025 18:09 112 2 dəq oxuma
Siyasət

“Paşinyanın hakimiyyətə gəlməsi ilə Yerevanın geosiyasi kursu dəyişməyə başlayıb”

“Paşinyanın hakimiyyətə gəlməsi ilə Yerevanın geosiyasi kursu dəyişməyə başlayıb”

Ermənistanın KTMT-dən çıxacağı barədə ehtimallar son günlər güclənib. Paşinyanın bu istiqamətdə atdığı addımlar Yerevan–Moskva münasibətlərinə, bölgədə təhlükəsizlik balansına və Bakı–Yerevan sülh prosesinə ciddi təsirlər yarada biləcəyi üçün həm ölkə daxilində, həm də regionda geniş müzakirələrə səbəb olur.

 

Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, Ermənistanın KTMT ilə münasibətlərinin pozulması tək bir qərarın nəticəsi deyil:

 

“Bu proses 44 günlük müharibədən sonra daha da dərinləşib və Ermənistan cəmiyyətində “KTMT heç bir təhlükəsizlik təminatı vermədi” qənaəti formalaşıb. Həmin dövrdə təşkilatın passivliyi Paşinyan hökumətində həm siyasi, həm də psixoloji olaraq böyük sarsıntı yaradıb. Paşinyanın hakimiyyətə gəlməsi ilə Yerevanın geosiyasi kursu dəyişməyə başlayıb. Qərbə inteqrasiya meylləri artıb, Avropa İttifaqı ilə əməkdaşlıq genişlənib, demokratik institutların gücləndirilməsi istiqamətində addımlar atılıb. Bu isə Moskvanın narazılığına səbəb olub. Rusiya Paşinyanın Qərbə yaxınlaşmasını nəinki siyasi xəyanət, həm də regiondakı təsir imkanlarına təhlükə kimi qəbul edir. Ermənistan hazırda KTMT-də “formal üzvlük, faktiki məsafə” siyasəti yürüdür. Yəni təşkilatın iclaslarında iştirak etmir, birgə sənədləri imzalamır, amma hüquqi olaraq hələ də üzvdür. Bu ikili davranış Paşinyanın həm Rusiyanı kəskin şəkildə qıcıqlandırmamaq, həm də daxili auditoriyada Ermənistan öz təhlükəsizlik gələcəyini yenidən qurur mesajı vermək cəhdidir”.

 

Həmçinin şərhçi qeyd edib ki, Ermənistan KTMT-dən tam çıxmaq qərarı versə, bunun həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik nəticələri olacaq:


“Rusiya Ermənistanın əsas enerji təchizatçısıdır, sərhəd təhlükəsizliyində böyük rolu var və ölkədə bir neçə strateji obyektə nəzarət edir. Buna görə də Yerevan Moskva ilə münasibətləri birdən-birə qoparmağın risklərini yaxşı anlayır. Ermənistanın Qərbə yaxınlaşması sülh danışıqlarına təsirsiz ötüşməyəcək. Çünki Qərb Yerevanı daha yumşaq mövqe tutmağa, Rusiyadan asılılığı azaltmağa təşviq edir. Lakin bu prosesin sürətlənməsi Moskvanın da regiondakı mövqelərini sərtləşdirməsinə, Ermənistan üzərində daha çox təzyiq göstərməsinə səbəb ola bilər. Bu isə Yerevan üçün əlavə gərginlik deməkdir. Paşinyanın KTMT ilə bağlı addımları hələlik tam qopma deyil, amma açıq şəkildə yeni siyasi kursun anonsudur. Ermənistan həm Rusiyanın qəzəbinə tuş gəlməməyə çalışır, həm də Qərblə əlaqələri gücləndirərək özünü alternativ təhlükəsizlik sisteminə hazırlayır”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər