00:00:00
Yazar
Admin User
25.09.2025 16:41 189 2 dəq oxuma
Siyasət

Paşinyanın Rusiya səfərindən gözləntilər

Paşinyanın Rusiya səfərindən gözləntilər

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə yollanıb. O, Moskvada keçiriləcək Qlobal Atom Enerjisi Forumunda iştirak edəcək.

 

Mövzu ilə bağlı politoloq Aytən Qurbanova "İnformator.az"a açıqlamasında bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvaya işgüzar səfəri və “Beynəlxalq Atom Həftəsi” konfransında iştirakı fonunda Rusiya ilə intensivləşən siyasi təmaslar Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar kontekstində diqqətlə izlənilir:

 

"Xüsusilə də tədbirin Moskvada keçirildiyini nəzərə aldıqda, Paşinyanın iştirakının Rusiya ilə ikitərəfli münasibətlərdəki gərginliyi yumşaltmaq cəhdi kimi də qiymətləndirilə bilər. Həmçinin, Ermənistanın bu platformada iştirakı ölkənin enerji sektorunun, xüsusilə də Metsamor Atom Elektrik Stansiyası ilə bağlı məsələlərin beynəlxalq səviyyədə müzakirəsinə şərait yarada bilər. Eləcə də, Ermənistanın bu forumda iştirakı öz növbəsində bəzi əks təsirlər də yarada bilər. Belə ki, istismar müddətini başa vurmuş Metsamor AES ilə bağlı narahatlıqlar yenidən gündəmə gələ bilər ki, bu da Ermənistan üçün heç də arzuolunan deyil".

 

Politoloq həmçinin qeyd edib ki, digər tərəfdən isə Vaşinqton görüşündən sonra sülh prosesi çərçivəsində yeni real addımların atılmasının gözlənildiyi bir məqamda Ermənistanın paralel şəkildə siyasi balans yaratmaq cəhdləri sülh gündəliyinə səmimi yanaşıb-yanaşmaması ilə bağlı bəzi suallar yaradır:

 

"Ermənistanın beynəlxalq platformalarda artan fəallığı və aparıcı dövlətlərlə əlaqələrini gücləndirmək niyyəti sülhpərvər dövlət mövqeyi formalaşdırmaq məqsədi daşıya bilər, amma bu cəhdlərin nəticə verməsi üçün real siyasi iradənin və ardıcıl mövqeyin mütləq xarakter daşıdığı unudulmamalıdır. Nəticə etibarilə, əgər Ermənistan regional sabitliyin və davamlı sülhün təmin olunmasına həqiqətən töhfə vermək istəyirsə, birmənalı şəkildə qeyri-müəyyən siyasi manevrlərdən çəkinməli və götürülən öhdəliklərin icrası ilə bağlı real addımların atılmasını əsas prioritet olaraq qəbul etməlidir".

 

Billurə Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər