Paşinyanın təşəkkürü - yaxşılığı anlamayanlara dərs
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə dəfələrlə təşəkkür etməsinə münasibət bildirərək bunu “məntiqi və uyğun cavab” adlandırıb. O, Azərbaycan tərəfinin son dövrlərdə atdığı konkret addımların-yük tranzitinin bərpası, ticarət və logistika sahəsində məhdudiyyətlərin aradan qaldırılmasının, açıq şəkildə qiymətləndirilməsinin vacib olduğunu bildirib. Və bu mövqeyini həm daxili, həm də beynəlxalq platformalarda şüurlu şəkildə ifadə etdiyini vurğulayıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın cənab Prezident İlham Əliyevə dəfələrlə təşəkkür etməsinin şahidi həm MDB dövlət başçıları ilə görüşlərdə, həm də digər platformalarda, eləcə də Ermənistanda oluruq:
“Bu təşəkkür Cənubi Qafqazda, təbii ki, iki dövlət arasında dövlətlərarası qarşılıqlı etimadın formalaşmasına töhfə verir və bir daha erməni cəmiyyətinə mesaj ötürür ki, artıq Azərbaycanla problemlər arxada qalmaqdadır. Biz bu prosesi sülh relsinə keçirmişik. Həmçinin bu, həm Rusiyaya, həm də müəyyən oyunçu tərəflərə mesajdır ki, artıq Azərbaycanla ikitərəfli münasibətlər inkişaf etdirilir.
Çünki 30 il ərzində blokadada olan Ermənistan Azərbaycan tərəfindən iqtisadi blokadadan çıxarılır və bu, Ermənistan üçün Rusiyadan asılılığın azalması deməkdir. Rusiya və İran Ermənistanda media və ekspertlər vasitəsilə bunu fərqli şəkildə təbliğ etsələr də, əsasən bu mövqeyi revanşist qruplar və müxalifətə yaxın dairələr müdafiə edir. Rusiyanın direktivləri ilə hərəkət edən qüvvələr bunu Ermənistanın Azərbaycana məğlub olması kimi təqdim edirlər. Amma geosiyasi reallıqlar ondan ibarətdir ki, proses müsbət istiqamətdə davam edir".
Reyhan Quliyeva
