Pensiyalarda ikiqat artım mümkündür: kimlər faydalanacaq?
Azərbaycanda əmək pensiyalarının artırılması ilə bağlı yeni mexanizmlər vətəndaşların diqqət mərkəzindədir. Prezident sərəncamına əsasən, bütün növ pensiyalar indeksləşdirilərək artırılıb. Bununla yanaşı, işləməyə davam edən pensiyaçıları əlavə artım da gözləyə bilər. Mövcud qanunvericiliyə görə, işləyən vətəndaşların topladığı pensiya kapitalı müəyyən müddətdən sonra yenidən hesablanaraq pensiyaya əlavə olunur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisad eksperti Asif İbrahimov bildirib ki, Azərbaycanda əmək pensiyalarının artırılması ilə bağlı son qərarlar cəmiyyətdə müsbət gözləntilərlə yanaşı, bir sıra ciddi suallar da doğurur:

“Orta statistik Azərbaycan vətəndaşı gündəlik xərclərlə bazardakı qiymətləri müqayisə edə bilir. Rəsmi yanaşmada pensiyaların indeksləşdirilməsi sosial rifahın yaxşılaşdırılması kimi təqdim olunur. Lakin gündəlik xərclər prizmasından baxdıqda müəyyən sistem problemləri və risklər açıq şəkildə görünür. Prezident sərəncamına əsasən bütün növ pensiyaların indeksləşdirilməsi ilk baxışda sosial ədalət prinsiplərinə uyğun addım kimi qiymətləndirilə bilər. Amma əsas sual budur: indeksləşmə real bahalaşmanı nə dərəcədə kompensasiya edir?
Orta aylıq əməkhaqqının artım tempinə bağlanan bu mexanizm əhalinin bütün qruplarının xərclər strukturunu tam əks etdirmir. Xüsusilə aşağı gəlirli pensiyaçıların istehlak səbətində ərzaq və kommunal xərclərin payı daha yüksəkdir. Bu səbəbdən inflyasiya onların real gəlirlərini indeksləşmədən daha sürətli azaldır.
Mühüm məsələlərdən biri də işləyən pensiyaçılarla bağlıdır. Mövcud qanunvericiliyə əsasən, onların topladığı əlavə kapitalın sonradan pensiyaya əlavə olunması nəzərdə tutulsa da, bu mexanizm kifayət qədər çevik deyil.
Orta aylıq əməkhaqqının artımının pensiyalara təsiri də birmənalı deyil. Rəsmi statistikada maaş artımı qeydə alınsa da, bu artım bütün sektorlar üzrə bərabər paylanmır. Yüksək maaşlı sahələrdəki artım ümumi göstəricini yüksəltsə də, aşağı və orta gəlirli təbəqələr üçün real dəyişiklik daha məhdud olur. Nəticədə pensiyaların indeksləşdirilməsi bəzən formal xarakter daşıyır və geniş kütlənin real rifahına proporsional təsir göstərmir.
Ümumilikdə, mövcud pensiya artımı mexanizmi müəyyən sosial sabitliyi qorumağa xidmət etsə də, onun effektivliyi və ədalətliliyi ilə bağlı suallar qalır. Daha hədəfli indeksləşmə, aşağı gəlirli pensiyaçılar üçün əlavə kompensasiya mexanizmləri və işləyən pensiyaçılar üçün daha çevik yenidən hesablanma qaydaları tətbiq edilmədən sistemin uzunmüddətli dayanıqlığını təmin etmək çətin görünür”.
Gövhər Mehyəddinova