Polis telefonunuzu sizin icazəniz olmadan yoxlaya bilərmi? - Hüquqşünas rəyi
Polis əməkdaşlarının vətəndaşların şəxsi həyatına müdaxilə etməsi qanunla ciddi şəkildə tənzimlənir. Xüsusilə mobil telefonlar şəxsi məlumatların toplandığı əsas vasitələrdən biri olduğu üçün onların yoxlanılması məsələsi hüquqi baxımdan həssas sayılır. Bəs hüquq-mühafizə orqanları sizin icazəniz olmadan telefonunuzu yoxlaya bilərmi? Hansı hallarda bu, qanuni hesab olunur və vətəndaşın hüquqları necə qorunur?
Mövzu ilə bağlı “İnformator.az” vəkil Zibeydə Sadıqova bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinə görə, hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var:
“Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Polis istənilən vaxt vətəndaşın telefonunu götürüb ona baxa bilməz. Yalnız məhkəmə qərarı və ya şəxsin könüllü razılığı olduğu hallarda onun telefonuna baxılmasına qanunla yol verilir. Polisin vətəndaşın telefonuna baxış keçirməsi üçün məhkəməyə mövqeyini əsaslandırmalıdır və vətəndaşın telefonuna baxış keçirilməsinin zəruriliyini izah etməlidir. Vətəndaş əgər məhkəmə qərarı yoxdursa, telefonunu verməkdən imtina edə bilər. Buna görə heç bir məsuliyyət yoxdur və telefonunu verməmək hüququ onun əleyhinə şərh edilə bilməz. Əgər polis vətəndaşın telefonuna onun razılığı və məhkəmə qərarı olmadan baxırsa, bu şəxsi həyata hörmət hüququnun açıq pozuntusudur və həmin polis məsuliyyət daşıyır”.
Banuçiçək Məmmədova