00:00:00
Yazar
Elmira Ağayeva
19.10.2026 21:14 75 2 dəq oxuma
Siyasət

Politoloq: İranla ABŞ arasında yeni müharibə başlaya bilər

Politoloq: İranla ABŞ arasında yeni müharibə başlaya bilər

 

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin İrana qarşı yeni hücumlar həyata keçirə biləcəyini bildirib və belə bir addımın cavabsız qalmayacağı barədə xəbərdarlıq edib.

Əraqçinin bəyanatı ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Tehranla bağlı məsələləri tezliklə həll edə biləcəyi barədə açıqlamasından sonra səsləndirilib.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Ümid Partiyası Mərkəzi Aparatının rəhbəri, politoloq Taleh Əliyev bildirib ki, ABŞ ilə İran arasında yeni müharibənin baş verməsi ehtimalı müzakirə olunur və bununla bağlı bir neçə ssenari var:

“Amerika Birləşmiş Ştatları ilə İran arasında növbəti müharibənin baş verməsi ehtimalı yüksəkdir. Sadəcə olaraq, bu müharibənin hansı ssenari üzrə başlayacağı müzakirə olunur. Variantlardan biri oktyabrın 27-dək hərbi əməliyyatların başlanmasıdır. İsrail kəşfiyyatı bu tarixi İranla hərbi əməliyyatların başlaya biləcəyi dövr kimi qiymətləndirir. Müxtəlif hərbi, təhlükəsizlik və siyasi ekspertlər tərəfindən üç əsas ssenari müzakirə olunur. İkinci ssenari isə müharibənin ABŞ-də keçiriləcək 3 noyabr seçkilərindən əvvəl başlamasıdır. Bu, oktyabrın 27-dək və ya həmin tarixdən sonra baş verə bilər”.

Taleh Əliyev müharibənin İran tərəfindən də başlana biləcəyini istisna etməyib. Onun sözlərinə görə, Tehran belə bir addımla ABŞ-də keçiriləcək seçkilərin nəticələrinə təsir göstərməyə çalışa bilər:

“İran 3 noyabr seçkilərində Trampın və onun komandasının daha çox səs qazanmaması, hətta seçkiləri uduzması məqsədilə müharibəyə başlamaq təşəbbüsünü ələ ala bilər. Çünki İran tərəfi ABŞ ilə arasında növbəti müharibənin baş verməsi ehtimalını yüksək qiymətləndirir. ABŞ-nin İran ətrafında əlavə hərbi qüvvələr cəmləşdirməsi də bu ehtimalı gücləndirən amillərdən biridir.

Üçüncü və digər ssenarilərlə müqayisədə daha çox müzakirə olunan variant isə ABŞ-nin 3 noyabr seçkilərindən sonra İrana hərbi müdaxiləyə başlamasıdır. Bu baxımdan, İran Xarici İşlər Nazirliyinin belə bir bəyanatla çıxış etməsini blef və ya sadəcə çəkindirici mesaj kimi qiymətləndirmək düzgün olmazdı. Bu, mümkün hərbi əməliyyatlar zamanı İranın da cavab tədbirləri görəcəyinin psixoloji müharibə çərçivəsində elan edilməsidir”.

Politoloq, həmçinin növbəti müharibə zamanı quru əməliyyatlarının da həyata keçirilə biləcəyini bildirib:

“Müharibə realdırmı? Bəli, hesab edirəm ki, belə bir ehtimal var. Fevralın 28-dən aprelin 8-dək davam edən 40 günlük müharibədən fərqli olaraq, bu dəfə hərbi əməliyyatların coğrafiyası genişlənə bilər. Quru əməliyyatlarının başlanması da istisna edilmir. Heç şübhəsiz ki, növbəti müharibə bütövlükdə Yaxın Şərq üçün son dərəcə ciddi fəsadlara səbəb ola bilər. Bu müharibənin iqtisadi və maliyyə nəticələri də ağır olacaq. Xüsusilə Yaxın Şərqin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasının məhdudlaşdırılması və regiondakı nəqliyyat dəhlizlərinin fəaliyyətinin dayanması qlobal iqtisadi böhran riskini əhəmiyyətli dərəcədə artıra bilər”.

Ayşə Cəfərova

#ABŞ #İran
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər