00:00:00
Yazar
Admin User
12.11.2025 16:24 97 2 dəq oxuma
Siyasət

Polşa prezidenti xüsusi xidmət rəhbərlərindən üzr tələb edib

Polşa prezidenti xüsusi xidmət rəhbərlərindən üzr tələb edib

Polşa Prezidenti Karol Navrotski bildirib ki, ordu, hərbi əks-kəşfiyyat və Daxili Təhlükəsizlik Agentliyinin zabitlərinin rütbələrinin artırılması ilə bağlı ənənəvi mərasimdən əvvəl onunla görüşə gəlməyən Polşa xüsusi xidmət orqanlarının rəhbərlərindən üzrxahlıq gözləyir.


Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib ki, Polşa Prezidenti Karol Navrotskinin xüsusi xidmət orqanlarının rəhbərlərindən üzrxahlıq tələb etməsi, əslində, dövlət idarəetməsində mülki siyasi rəhbərliklə təhlükəsizlik strukturları arasında yaranmış ciddi institusional gərginliyin göstəricisidir:

 

“Prezidentin qeyd etdiyi kimi, ordu və xüsusi xidmət orqanlarının rəhbərləri ənənəvi təltif mərasimindən əvvəl onunla görüşməkdən imtina ediblər. Bu, protokol qaydalarının pozulması ilə yanaşı, siyasi hörmət və tabelik prinsipinə zərbə kimi qiymətləndirilir. Prezidentin üzrxahlıq tələbi onun həm dövlət başçısı kimi nüfuzunu qorumağa, həm də təhlükəsizlik orqanlarının müstəqil davranış tendensiyalarına qarşı sərhəd çəkməyə yönəlib. Bu hadisə Polşada mülki rəhbərlik və xüsusi xidmət orqanları arasında səlahiyyət balansına ciddi təsir göstərə bilər. Avropa ölkələrində təhlükəsizlik qurumları adətən siyasi neytrallıq prinsipinə əməl edir, lakin son illər Polşada baş verən siyasi qütbləşmə bu balansı pozub. Xüsusi xidmət orqanlarının prezidentlə əlaqə qurmaqdan çəkinməsi həm siyasi etimadsızlığın, həm də qurumlararası qarşıdurmanın dərinləşdiyini göstərir. Bu vəziyyət, xüsusilə NATO ölkəsi olan Polşada, müdafiə və təhlükəsizlik sahəsində koordinasiyanın zəifləməsi təhlükəsini də gündəmə gətirir. Cəmiyyət və siyasi dairələrdə bu hadisə müxtəlif reaksiyalar doğurub. Prezidentin tərəfdarları bunu dövlətin ali rəhbərinə hörmətsizlik və intizamın pozulması kimi qiymətləndirir, bəzi müxalif qüvvələr isə hadisəni Navrotskinin siyasi təcrübəsizliyi və onun komandasına qarşı inamsızlıq kimi dəyərləndirirlər. Media və ekspert çevrələrində əsas müzakirə mövzusu odur ki, bu qarşıdurma Polşada demokratik institutların funksional harmoniyasına zərər vurur və ölkədə siyasi idarəetmənin şəffaflığı ilə bağlı suallar yaradır. Beləliklə, bu hadisə təkcə protokol məsələsi deyil, həm də Polşa dövlətində güc mərkəzləri arasındakı münasibətlərin gələcək istiqamətinə dair ciddi siqnal kimi çıxış edir”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər