“Polşanın atdığı addımlar qabaqlayıcı xarakter daşıyır”
Polşa hökuməti Rusiya və Belarusdan gələn təhdidlər fonunda təhlükəsizlik tədbirlərini artırmaq qərarı verib. Bu çərçivədə sərhədlərin bağlanması və hava limanlarının müvəqqəti fəaliyyətini dayandırması ilə bağlı qərarlar qəbul edilib. Bu addım Avropada müzakirələrə səbəb olub və həm ölkənin daxili vəziyyətinə, həm də beynəlxalq siyasətinə təsir göstərməkdədir.
Mövzu ilə bağlı politoloq Aytən Qurbanova “İnformator.az”a açıqlamasında bildirib ki, Polşanın atdığı addımlar qabaqlayıcı xarakter daşıyır və ölkənin real təhlükə ilə üzləşdiyini göstərir:
“Əslində, bu xəbərdarlıqlar uzun müddətdir davam edib. Təhdidlər real olaraq müşahidə olunmadığı vaxtda belə Polşa prezidenti Avropa İttifaqı üzvlərinə müraciət edərək Ukraynanın NATO və Avropa İttifaqına inteqrasiyası prosesinin dayandırılması, müharibənin gündəlikdən çıxarılması prosesi və real sülh addımlarının atılması ilə bağlı çağırış edib. Onun əsas mesajı bundan ibarət idi ki, əgər bu proseslər dayandırılmazsa, Polşa döyüşməyə məcbur qalacaq. İndi isə görünən odur ki, bu təhdidlər artıq reallığa çevrilib və Polşa buna adekvat cavab olaraq sərhədləri möhkəmləndirmək məcburiyyətində qalıb.
Təəssüf ki, NATO və Avropa İttifaqında olan tərəfdaş dövlətlər hadisələrin miqyasını bir qədər kiçiltməyə, prosesi nəzarət altında göstərməyə çalışırlar. Amma tarixi təcrübə göstərir ki, Polşanın addımları məhz labüd və qaçılmazdır. Əgər bu gün aqressivləşən Rusiyanın qarşısı alınmasa, proseslərin hansı ölkəyə doğru genişlənə biləcəyi barədə ehtimallar kifayət qədər aydındır”.
Həmçinin şərhçi qeyd edib ki, hava limanının bağlanması həm də Polşanın daxili siyasətdəki gərginliklərini üzə çıxarır:
“Cəmiyyət həm iqtisadi itkilərdən, həm də təhlükəsizlik narahatlıqlarından ciddi təsirlənir. Hakimiyyət isə xalqın narazılığı fonunda öz legitimliyini qorumaq üçün sərt addımlar atmağa məcbur olur. Bu isə Avropada siyasi elitaların mövqelərinə də birbaşa təsir göstərə bilər. Eyni zamanda, bu qərarlar NATO və Avropa İttifaqı ilə münasibətlərdə Polşanın mövqeyini gücləndirir. Çünki Qərb üçün əsas hədəf Rusiyanın qarşısının alınmasıdır. Polşanın sərt mövqeyi isə həmrəyliyi artırır və ölkəni Qərbdə etibarlı tərəfdaş kimi göstərir. Lakin bütün bunlarla yanaşı, Polşa daha birbaşa risklərə yaxınlaşır və regiondakı gərginliyi artırır. Ümumilikdə, Polşanın addımları yalnız ölkənin təhlükəsizliyi üçün deyil, həm də Avropanın gələcək siyasi xəritəsi üçün müəyyənedici ola bilər. Bu tədbirlər Rusiyanın qarşısı alınmasa, müharibənin sərhədləri daha da genişlənə biləcəyi ehtimalını gücləndirir”.
Ayşə Müzəfərli