Polşanın bu addımı Rusiyanın hücumlarının qarşısını ala bilər
Polşa prezidenti Navrotski bu yaxınlarda bildirib ki, "Polşa prezidenti kimi hesab edirəm ki, Polşa nüvə silahı mübadiləsində iştirak etməlidir. Onun öz nüvə, enerji, mülki və hərbi imkanları olmalıdır. Bu işdə Fransanın yardımına ümid edirik, Polşa ilə Fransa arasında tərəfdaşlıq məhz buna əsaslanır"
Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Navrotskinin bu açıqlaması dünya miqyası üçün normal addımdır:
"Polşada nüvə silahı yerləşdirilməsi məsələsi NATO daxilində müzakirə olunan məsələlərdən biridir və nəzərə alsaq ki, son vaxtlar Rusiya NATO-nu artıq açıq təhdid etmək taktikasına üstünlük verir və konkret olaraq bütün hallarda təhdidin ilk ünvanı Polşadır. Bu cəhətdən, məncə, NATO ölkələri Polşada nüvə silahının yerləşdirilməsinə normal baxacaq, çünki bu həm çəkindirici güc kimi də istifadə oluna bilir və Rusiya bilsə ki, artıq Polşada nüvə silahı var Polşaya qarşı təhdidlər yaratmaq istəsə, bu gerçəkliyi nəzərə alacaq.
Fransanın bu məsələdə Polşaya kömək etməsi məsələsinə gəldikdə, mən bildiyim qədər artıq Fransa belə bir köməyi həyata keçirib. Konkret olaraq, son vaxtlar Fransa təyyarələrinin Polşaya gəlməsinə dair məlumatlar var və o təyyarələrdə artıq nüvə başlıqlı raketlər var və böyük ehtimalla bu məsələ artıq reallaşıb səhv etmirəmsə Rusiya tərəfi də artıq məlumatlıdır ki, Polşaya göndərilən təyyarələrdə nüvə başlıqlı raketlər mövcuddur. Bu da, əlbəttə ki, Rusiyanın Polşaya olan münasibətində və yaxud hücumlarında ciddi bir faktor rolunu oynayacaq. Polşada nüvə silahının olması müəyyən formada nəzəri olaraq Rusiyanı qarşıdurmaya da təhrik edə bilər, amma məncə daha çox əksinə artıq bu məsələ Rusiyanın geri çəkilməsi üçün ciddi faktora çevrilə bilər. Polşa, zatən, başqa dövlətləri təhdid etmək fikrində deyil, yəni Polşanın planları elə deyil. Bildiyim qədər Polşanın harasa hücum etmək, aqressiv niyyət planı yoxdur. Düzdür, Polşa NATO-nun silahlı qüvvələrə görə üçüncü ölkəsidir, yəni Polşanın da böyük hərbi gücü var, üstəlik orada NATO ölkələrinin hərbi gücü, bazaları var məsələn Almanların, Amerikanların və digər NATO üzvü olan dövlətlərin, amma bütün hallarda düşünürəm ki, nüvə silahının olması heç bir problem yaratmayacaq, əksinə Rusiyanın hücumlarının qarşısını ala bilər, yəni bu, Rusiya üçün "qırmızı xətt" ola bilər, ona görə də, düşünürəm ki, Polşada nüvə silahının olması yalnız Rusiya üçün problem yarada bilər, digər dünya dövlətləri üçün deyil.
Polşada nüvə silahının yerləşdirilməsinə Rusiya etiraz edə bilər, bu da başa düşüləndir. Bununla da, sanki Rusiya deyir ki, "siz Ukraynaya sülhməramlıq göndərməyin, mənim ora hücum etmək planlarım var". Bu konteksti də deyə bilər ki, "nüvə silahı yerləşdirməklə məni təhdid edirsiniz". Amma Rusiyanın özünün nüvə kolleksiyasında, atom silahından istifadə məsələsində belə məsələlər var. Nəzərə alsaq ki, publik olaraq son bir neçə aydır, artıq Rusiya rəsmiləri dəfələrlə nüvə silahı ilə dünyanı təhdid ediblər, ona görə də, Polşada nüvə silahının olmasına onların nəsə demək imkanları yoxdur. Sadəcə olaraq, NATO-nun şərqə doğru genişlənməsi qədər kənara çıxa bilmirlər, yəni bu məsələ düşünürəm ki, münaqişənin genişlənməsinə deyil, əksinə Avropa ölkələri ilə Rusiyanın münaqişə yaratmasına bir yöntəm olaraq istifadə olunur.
Bildiyim qədəri ilə, bu, NATO daxilində də anlayışla qəbul edilir və dəstəklənir, çünki Avropa ölkələri ilk növbədə Rusiyanın hücumunu və təhdidini özləri üçün əsas təhlükə hesab edirlər və bu təhlükədən qorunmaq üçün, əlbəttə, şərq cəbhəsinin sərhədlərinin möhkəmləndirilməsi vacibdir. Burada Polşa, Rumıniya və digər ölkələr nəzərdə tutulur. Buna görə də, hesab edirəm ki, NATO-nun daxilində bu məsələ anlayışla qəbul edilir və müsbət dəyərləndirilir. Yəqin ki, onların ümumi razılığı ilə Polşanın gücləndirilməsi, o cümlədən, nüvə silahlarının da artıq Polşaya göndərilməsinə dair, yəqin ki, qərarlar var".
Gülay Səlifova