“Polşaya hücum olarsa, NATO kollektiv müdafiə prinsipini işə sala bilər”-Tural İrfan
“Polşa Rusiya ilə mümkün genişmiqyaslı müharibəyə hazırlaşır və yaxın vaxtlarda Kremldən böyük təxribatların həyata keçiriləcəyini proqnozlaşdırır”.
Bunu Polşa müdafiə nazirinin müavini Sezari Tomçik deyib.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Polşadan verilən açıqlamalarda Rusiyanın bu ölkə ilə savaşa hazırlaşması qeyd edilir:
“Lakin bunun baş verməsi ehtimalının konkretliyi hələ dəqiq deyil. Polşa rəsmiləri və kəşfiyyat hesabatları Rusiyanın gələcək təxribatlarına və hərbi qarşıdurma ehtimalına qarşı ciddi hazırlıqlar görüldüyünü bildirirlər. Birbaşa hücum baş verərsə, NATO-nun 5-ci maddəsi işə düşə və bütün üzv dövlətlər kollektiv müdafiə prinsipi ilə hərəkət edərək dərhal cavab tədbirləri görə bilərlər. Belə ki, Polşa rəsmiləri yaxın aylarda Kremlin sərhəddə və ya kritik infrastrukturda böyük təxribatlar törədə biləcəyini istisna etmirlər. İndiki halda Varşava hərbi qüvvələrini və hava hücumundan müdafiə sistemlərini maksimum hazırlıq vəziyyətinə gətirir. Rəsmi dairələr Rusiyanın hazırda tammiqyaslı NATO müharibəsinə hazır olmadığını və belə bir savaşda məğlub olacağını vurğulayırlar. Polşaya birbaşa hərbi təcavüz olarsa, qurumun 5-ci maddəsinə əsasən hər bir üzvə edilən hücum hamıya edilmiş sayılır. Əgər hücum sərhədi aşmayan kiber və ya məhdud təxribat xarakterli olarsa, NATO Şurası 4-cü maddə əsasında məsləhətləşmələr apara və hibrid cavab tədbirləri görə bilər. Eyni zamanda, dərhədyanı bölgələrdə hava məkanının qorunması gücləndirilə, qırıcı təyyarələr və müttəfiq qüvvələr dərhal dövrəyə buraxıla bilər. Lakin bütün bunlarla yanaşı, belə bir ciddi müdafiyə və müqavimətin baş verəcəyini nəzərə alaraq Rusiyanın Polşa ilə açıq savaşa daxil olması ehtimalı azdır”.
Nuray Əliyeva