Prezident Azərbaycanla Türkiyə arasında statistika sahəsində Anlaşma Memorandumunu təsdiq edib
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Türkiyə arasında statistika sahəsində Anlaşma Memorandumunun təsdiq edilməsi ilə bağlı Fərman imzalayıb.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanla Türkiyə arasında statistika sahəsində Anlaşma Memorandumunun təsdiq olunması və bu tipli sənədlərin zaman-zaman təsdiqlənməsi Azərbaycan- Türkiyə münasibətlərinin bir göstəricisidir:
"Nəzərə alsaq ki, biz Şuşa bəyannaməsi ilə artıq münasibətlərimizin strateji müttəfiqlik səviyyəsinə qədər yüksəltmişik və bu bəyannamədə dövlət cəmiyyət həyatının bütün sahələri əhatə olunub və bu baxımdan çox müxtəlif istiqamətlərdə Azərbaycan və Türkiyə arasında bu tip anlaşmaların olması normaldır və məhz bu cür sənədlərin təsdiqlənməsi, ratifikasiya olunması, ikitərəfli münasibətlərin inkişaf perspektivini gücləndirir və şübhəsiz ki, bu cür sənədlərin qəbulu, onların təsdiqlənməsi münasibətlərimizin inkişafının göstəricisi olmaqla bərabər, yeni istiqamətləri də ortaya çıxarır. Və, şübhəsiz ki, Azərbaycan- Türkiyə münasibətlərinin məhz strateji müttəfiqlik səviyyəsində olması regionda ciddi şəkildə vəziyyətə təsir edir. Stabilləşdirici bir faktordur. Bölgədə təhlükəsizlik təminatları deməkdir və bölgəyə gələn müdaxilələrə qarşı bir sığorta rolunu oynayır. Yəni bütün bunlar, Türkiyə- Azərbaycan münasibətlərinin bundan sonrakı inkişafına təkan verəcək addımlardır və Azərbaycan, Türkiyə müttəfiqliyi nə qədər güclənəcəksə, bu əlaqələr nə qədər genişlənəcəksə, bu, həm hər iki tərəfin, həm də, bütün bölgənin faydası olacaq. Məhz Türk Dövlətlər Təşkilatının daxilindəki digər bizim müttəfiqlərimizin də münasibətlərinə sirayət edir və onların da bir qurum olaraq, format şəkildə onun da güclənməsi və inteqrasiya proseslərinin daha intensiv şəkil almasına yardım edir “.
Reyhan Quliyeva
